Karateçilər paralimpiya komitəsində görüşdə olublar

Azərbaycan milli karate federasyasının prezidenti Yaşar Bəşirovun rəhbərliyi ilə para-karate üzrə milli komandanın üzvləri və federasiyanın bir qrup rəsmisi Azərbaycan milli paralimpiya komitəsində görüşdə olub.

Allsport.az xəbər verir ki, Azərbaycan karateçilərini Tokio yay olimpiya oyunlarında yüksək nəticələri münasibətilə təbrik edən komitə prezidenti İlqar Rəhimov federasiya kollektivinə qarşıdakı fəaliyyətində uğurlar arzulayıb. O, para-karateçilərin də dünya və Avropa çempionatında əldə etdikləri nəticələrinin təkrarlanması və daha yüksək əyarlı medallar qazanılmasına nail olunması üçün birgə səylərini əsirgəməyəcəyini bildirib.

Görüşün təşkili və qazanılan uğurlarla bağlı xoş sözlərə görə minnətdarlığını ifadə edən Yaşar Bəşirov, federasiyada para-karateçilərə xüsusi diqqətlə yanaşıldığını və bunun sayəsində qısa zaman ərzində dünya və Avropa çempionatlarında medallara sahib olduqlarını söyləyib. Y.Bəşirov öz növbəsində Tokio yay paralimpiya oyunlarında yüksək tarixi nəticə münasibətilə İlqar Rəhimovu və onun rəhbərlik etdiyi kollektivi, həmçinin idmançı və onların məşqçilərini təbrik edib.

Noyabrda dünya çempionatı öncəsi para-karateçilərlə görüşün onlara əlavə ruh yüksəkliyi verdiyini deyən baş məşqçi Rənad Əliyev, hazırladığı idmançıların onlara göstərilən etimadı doğrultmağa çalışacaqlarını qeyd edib.

Beynəlxalq karate hakim Cahangir Babayev, eşitmə qüsurlu karateçilərin məşqçisi Seymur Xudaverdiyev və federasiyanın media və ictimaiyyətlə işlər katibi Sənan Məhərrəmov para-karate yarışları barədə, həmçinin bu sahənin perspektivlərindən danışıblar.

Görüşdə həmçinin dövlət başçısı və milli olimpiya komitəsinin prezidenti cənab İlham Əliyevin digər sahələrlə yanaşı idmana xüsusi diqqətindən və dövlət qayğısından, eləcə də bunun sayəsində Azərbaycanın bir sıra idman növlərində beynəlxalq nüfuzunun artmaqda davam etməsindən danışılıb. İlqar Rəhimov və Yaşar Bəşirov para-karateçilərin qayğıları və onların mümkün həlli yolları haqqında da fikir mübadiləsi aparıblar. Baş katib Kamal Məmmədov və komitənin digər rəsmiləri ilə birgə müzakirədən sonra, tərəflər əməkdaşlığı daha da genişləndirmək qərarına gəliblər.

Həmin kateqoriyadan