Karateçilərimiz 1 ildən sonra yarışa qatılır

1 il fasilədən sonra millimiz beynəlxalq karate turnirlərinə qatılır. Allsport.az xəbər verir ki, idmançılar martın 12-14-də İstanbulda Karate 1 premyer liqa turnirində iştirak edəcəklər.

Federasiyanın prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi heyətdə 21 idmançı yer alıb. Yarışa yollanan baş məşqçilər Qurban Tağıyev, Denis Morozov və Vahid Ayvazov, eləcə də böyük məşqçilər Şahin Xudaverdiyev və Rəşad Hüseynovun rəhbərliyi ilə bəzi çəkilərdə bir neçə idmançı tatamiyə çıxacaq.

Kumiteçilərdən Firdovsi Fərzəliyev, Sultan Hüseynov və Əminağa Quliyev 60, Tural Ağalarzadə, Rafiz Həsənov 67, Rafael Ağayev, Fərid Ağayev 75, Turqut Həsənov, Pənah Abdullayev, Ayxan Mamayev 84 kiloqram çəki dərəcələrində, Asiman Qurbanlı və Əli Cəfərov isə 84 kiloqramdan yuxarı çəki dərəcəsində güclərini sınayacaqlar. Qadınların yarışında isə Nuranə Əliyeva, Fidan Teymurova (50 kq), İlahə Qasımova, Mədinə Sadıqova (55 kq), İrina Zaretska (68 kq), Fəridə Əliyeva (68 kiloqramdan yuxarı) mübarizə aparacaqlar. Kata çıxışlarında Roman Heydərov (fərdi), həmçinin Rövşən Əliyev, İsmayıl Quliyev və Tural Balcanlıdan ibarət komanda iştirak edəcək.

Beynəlxalq hakimlər Cahangir Babayev, Vüqar Kərimov və Anar Allahverdiyev nüfuzlu premyer liqa turnirini idarə edənlər arasında olacaq. Turnirə ümumilikdə, 75 ölkədən 865 karateçi qatılacaq.

Millimiz yarışdan əvvəl İstanbulda 10 günlük təlim-məşq toplanışında iştirak edib.

Həmin kateqoriyadan