Karateçilərimizdən Budapeştdə rekord göstərici

Yeniyetmə və gənclərdən ibarət millimiz Budapeştdə Avropa çempionatının 2-ci yarış günü ötən illərki statistik göstəricilərini yeniləyərək rekord nəticə qazanıb. 

Allsport.az xəbər verir ki, 16-17 yaşlı gənclər arasında Sultan Hüseynov (-55 kq, şəxsi məşqçisi Rəşad Hüseynov), Fərid Ağayev (-76 kq, şəxsi məşqçisi Namiq Priverdiyev) və Osman Osmanlının (+76 kq, şəxsi məşqçisi Rövşən Allahverdiyev) qitə çempionluğu, Ayla Rzazadənin (-59 kq, şəxsi məşqçisi Seymur Xudaverdiyev) gümüş medala, Əminağa Quliyevin (-61 kq, şəxsi məşqçisi Elnur Həsənov) isə bürünc mükafata sahib olması, bir gün əvvəl 14-15 yaşlı yeniyetmələrdə Fərid Savadovun (-57 kq) birinci yerə çıxması ötən rekordları yeniləyib. Tale Yaqubov (-68 kq, şəxsi məşqçisi Cahangir Babayev) bürünc medal uğrunda həlledici görüşdə məğlub olub. 

Yeniyetmə və gənclər seçmə komandasının baş məşqçisi Anar Allahverdiyev yarışın 2 günündə nəticənin digər qitə çempionatlarında əldə edilən göstəricilərdən bir gümüş medal fərqi ilə üstün olduğunu bildirib.

Hazırda karateçilərimiz 52 ölkə arasında ümumi komanda hesabında Türkiyədən sonra 4 qızıl, 1 gümüş və bürünc medalla 2-ci yeri tuturlar.

Həmin kateqoriyadan