Karateçimiz olimpiadaya vəsiqə qazandı

Karateçimiz Firdovsi Fərzəliyev (67 kq) Tokio yay olimpiya oyunlarına vəsiqə qazanıb. Allsport.az xəbər verir ki, o, buna Parisdə təşkil olunmuş olimpiya lisenziyalı turnirdə nail olub.

Bürünc medal görüşündə Stefan Cokiçi (Serbiya) 3:2 hesabı ilə məğlub edən karateçimiz olimpiadaya lisenziyalar uğrunda dördlər finalında iştirak etmək imkanı qazanıb.

Mükafatçılar dairəvi sistemlə bir-birləri ilə yarışıblar. Nəticədə 3-cü yeri tutan Firdovsi olimpiya oyunlarına vəsiqə əldə edib.

Turnirin ilk günü çıxış edən digər idmanılarımızdan Neda Rezai (kata) və İlahə Qasımova (-55 kq) ilk görüşlərdə məğlub olublar. 12 iyunda Roman Heydərov (kata) və Fəridə Abiyeva (-61 kq) yarışa qatılacaq. Bazar günü isə Asiman Qurbanlı (+75 kq) olimpiya lisenziyası qazanmağa çalışacaq.

Həmin kateqoriyadan