Karyerasını başa vurdu

Karyerasını başa vurdu

NBA-də uzun illər çıxış etmiş Coş Riçardson peşəkar basketbolçu karyerasını başa vurduğunu açıqlayıb.

Allsport.az xəbər verir ki, 2015-ci il draftının 40-cı nömrəsi olan 32 yaşlı oyunçu qərarını sosial şəbəkə hesabında təsdiqləyib.

Riçardson NBA-də 10 mövsüm keçirib. Onun ilk və son mövsümləri də daxil olmaqla, ümumilikdə 6 mövsümü “Mayami Hit”in heyətində keçib.

Təcrübəli basketbolçu müntəzəm mövsümdə 554 oyunda meydana çıxaraq orta hesabla 11,5 xal, 3 götürmə, 2,6 məhsuldar ötürmə və 1 topalma ilə yadda qalıb.

O, pley-offda ən yaxşı nəticəsini 2016-cı ildə “Mayami” ilə ikinci mərhələyə yüksəlməklə əldə edib.

Riçardson vida müraciətində bunları deyib:

“Karyeramın heç bir mərhələsində mənə heç nə asanlıqla verilmədi. Nə məktəbdə, nə universitetdə, nə də peşəkar səviyyədə. Həmişə maksimum nəticəyə çatmaq üçün əlimdən gələni etdim. Ümid edirəm ki, azarkeşlərdə, məşqçilərdə və komanda yoldaşlarımda xoş təəssürat buraxmışam”.

Həmin kateqoriyadan