UĞUR
Kişi hokkeyçilərimiz növbəti mərhələyə vəsiqə qazandı

Planetin reytinq cədvəlində 33-cü yeri tutan kişilərdən ibarət millimiz, Omanın paytaxtı Muskatda keçirilmiş Dünya Hokkey Liqası turnirinin 1-ci mərhələsindəki çıxışını qalib kimi başa vurub. Allsport.az saytı xəbər verir ki, yarışın son günü azarkeşlərimiz kifayyət qədər həyacanlı anlar yaşayıblar. Beləki, komandamız dünən III tur çərçivəsində  bu turnirdə çox da güclü təsir bağışlamayan Tailland hokkeyçiləri ilə qarşılaşaraq 12:0 hesabı ilə qələbə qazanmışdı.

Aktivində 7 xalı olan millimizin qalib olaraq növbəti mərhələyə çıxması məsələsinə aydınlıq saat 21.30 dəqiqədə start götürən İran – Oman matçının yekununda gətirilməli idi. İlk turda “bullitlər” seriyasında bizim idmançılara qalib gəlməklə  2 xala sahib olan cənub qonşularımız II turda Tailland təmsilçilərini də böyük hesabla məğlub edərək 5 xal toplamışdı. Dünən meydan sahibləri ilə oyunda qələbə sayəsində İran yığması 8 xalla 1-ci yeri tuta bilərdi.

Oman hokkeyçilərinin qələbəsi isə Azərbaycan millisinin qalib adı qazanmasına şərait yaradırdı. Odur ki, hamımızın diqqəti həmin oyunun necə qurtarmasına dikilmişdi. Nəhayət hər şey bizim üçün çox yaxşı qurtardı. Yarış sahibləri matçı 1:0 hesabı ilə öz xeyirlərinə başa vuraraq 6 xalla 2-ci yeri tutdular. Oman hokkeyçilərinin qələbəsi həm də millimizin bu turnirin qalibi olmasına yol açdı.

Reqlamentə görə turnirdə I yeri tutan Azərbaycan seçmə komandası 2015-ci il martın 7-dən 15-dək Cənubi Afrika Respublikasında 8 komandanın iştirakı ilə Dünya Hokkey Liqası turnirinin 2-ci raundunda mübarizə aparmaq hüququ  qazandı.

Həmin kateqoriyadan