Kişineuda 6 medal

Azərbaycan Respublikası deflimpiya komitəsinin (bundan sonra – Komitə) karateçiləri Moldovanın paytaxtı Kişineuda keçirilən “Chisinau Karate Open Grand Prix” turnirində iştirak edərək uğur qazanıb.

Allsport.az xəbər verir ki, 15 iyunda təşkil olunan turnirdə komitənin 6 eşitmə məhdudiyyətli karateçi daxil olmaqla ümumilikdə 16 nəfər azərbaycanlı idmançı iştirak edib.

Bir çox ölkədən ümumilikdə 287 idmançının iştirak etdiyi turnirdə “Senior Deaf” kateqoriyası üzrə müxtəlif çəki dərəcələrində döyüş keçirən eşitmə məhdudiyyətli idmançılar 1 qızıl, 2 gümüş və 3 bürünc olmaqla ümumilikdə 6 medalla təltif olunub. 

Belə ki, Elnur Qasımzadə 67 kq çəki dərəcəsində I yer tutaraq qızıl medal, Hikmət Ağayev 60 kq, Əliəkbər Əlizadə isə 75 kq çəki dərəcəsində II yer tutaraq gümüş medal, Şaiq Osmanov 75 kq, Sahib Sahibli və Elmin Hüseynli hər ikisi 84 kq çəki dərəcəsində III yer tutaraq bürünc medal qazanıb.

İdmançılar yarışda baş məşqçi Seymur Xudaverdiyevin rəhbərliyi altında çıxış ediblər.

2023-cü ilin oktyabrdan fəaliyyətə başlayan deflimpiya komitəsi eşitmə məhdudiyyəti olan şəxslər arasında bədən tərbiyəsi və idmanın inkişafı, bu vasitə ilə onların bərpasına və sağlam cəmiyyətimizə inteqrasiyasına nail olunması, həmçinin eşitmə qabiliyyətləri məhdud olan şəxslərin maraq göstərdikləri deflimpiya proqramına daxil edilmiş idman növlərinin ölkədə geniş inkişafı və bu idman növləri üzrə idmançıların hazırlanması istiqamətində fəaliyyət göstərir. Komitə 2025-ci ildən etibarən beynəlxalq karlar idman təşkilatının (İnternational committee of deaf sport – İCSD) üzvlüyünə qəbul olunub.

Həmin kateqoriyadan