“Komandanın durumu yaxşıdır”

Son iki məşqimizi Rumıniyada keçdik. Heyətimizdə zədəli futzalçı yoxdur. Komandanın durumu yaxşıdır. 

Allsport.az xəbər verir ki, bu sözləri futzal üzrə DÇ-2024-ün elit-raund mərhələsində bu gün ilk oyununa çıxacaq Azərbaycan millisinin baş məşqçisi Vitali Borisov federasiyanın rəsmi saytına açıqlamasında deyib. 

O, oyunçuların Rumıniya yığması ilə matça hazır olduqlarını bildirib: “Taktiki planda müəyyən çalışmalar yerinə yetirdik. Rəqiblə bağlı lazımi məlumatları oyunçuların diqqətinə çatdırmışıq. Müdafiədə necə oynamalıyıq, pressinq zamanı hansı işləri görməliyik, hücumda nə etməliyik və s. Qalır verilən tapşırıqları icra etmək. Uşaqlara inanıram, onların üzərilərinə düşən işi görəcəklərinə əminəm. Təbii ki, komandanın qarşısına məqsəd qoyulub. Buradan qələbə ilə ayrılmaq, seçmə mərhələyə uğurla başlamaq istəyirik”.

Qeyd edək ki, Rumıniya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.

Həmin kateqoriyadan