Mərakeşin ölkəmizdə səfiri karateçilərimizlə görüşüb

Mərakeş Krallığının Azərbaycanda səfiri Məhəmməd Adil Əmbarş qarşıdakı günlərdə bu ölkənin paytaxtı Rabatda keçiriləcək karate1 premyer liqasına hazırlaşan millimizin üzvlərini və federasiya rəhbərliyini qəbul edib. Allsport.az saytı xəbər verir ki, görüşdə səfirə karateçilərimizin uğurları, Bakıda keçirilmiş 4-cü İslam oyunlarında qazanılan tarixi zəfər barədə, eləcə də Mərakeşdəki nüfuzlu yarışlarla bağlı məlumat verilib. Elçi idman ölkəsi olan Azərbaycanın bu sahədə kifayət qədər tanındığını söyləyərək idmançılarımıza uğurlar arzulayıb. O, gələcəkdə Mərakeş və Azərbaycan karateçilərinin birgə təcrübə mübadiləsinin ümumi inkişafa müsbət təsir göstərə biləcəyini vurğulayıb.

AMKF-nin prezidenti Yaşar Bəşirov səmimi qəbula görə səfirə minnətdarlığını ifadə edərək, ona federasiyanın yaranmasının 20 illiyi münasibətilə xatirə medalı təqdim edib. Karateçilərimizin artıq bir neçə dəfə bu ölkədə rəsmi yarışlarda iştirak etdiyini bildirən federasiya prezidenti Mərakeş Karate Federasiyası ilə dostluq əlaqələrinin qurulduğunu diqqətə çatdırıb. O, bu ölkədən hər dəfə uğurlu nəticə ilə döndüyümüzü söyləyərək, aprelin ilk günləri keçiriləcək bu yarışa da ciddi hazırlıq işlərinin aparıldığını söyləyib.

Yığıncaqda AMKF-nın vitse-prezidenti Rəhman Hətəmov karate idman növünün Azərbaycanda yeni inkişaf mərhələsində olduğunu vurğulayıb və qarşıdan gələn turnirlərdə yüksək nəticələr qazanacaqlarını əminliklə söyləyib. Həmçinin toplantıda iştirak edən baş katibi Mirhəsən Seyidov Məhəmməd Əmbarşa gələcək planlar və perspektivlər barədə söz açıb, belə rəsmi görüşlərin idmançılarda ruh yüksəkliyinin artmasına müsbət təsir etdiyini də qeyd edib.

Həmin kateqoriyadan