Macarıstan azərbaycanlı azarkeşlərə təzminat ödəyəcək

Macarıstan və Azərbaycan yığmaları arasındakı Avro-2020-nin seçmə oyununa öncədən bilet almış azarkeşlərə kompensasiya ödəniləcək.

Allsport.az xəbər verir ki, bu barədə Macarıstan futbol federasiyasının (MLSZ) yaydığı bəyanatda bildirilir. MLSZ 13 oktyabr qarşılaşmasının azarkeşsiz keçirilməsinə dair UEFA-nın verdiyi qərardan sonra bu addımı atmaq məcburiyyətində qalıb. Bileti əllərində qalanlar arasında azərbaycanlı fanatlar da var. Onların biletlərə ödədikləri məbləğ geri qaytarılacaq. 

Əvəzində oyunu yaşı 14-dək olan 15 min uşağın izləməsinə icazə verilib. Artıq lazımi sayda müraciət qəbul olunub. Sentyabrın 8-də evdə Slovakiyaya 1:2 hesabı ilə uduzduğu qarşılaşma Macarıstan yığmasının azarkeşləri rasist ifadələrə yol verib. Məhz bu səbəbdən, UEFA meydan sahiblərini növbəti ev oyununu azarkeşsiz keçirməsinə dair qərar qəbul edib.

Qeyd edək ki, “Groupama Arena”da keçiriləcək Macarıstan – Azərbaycan matçı Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Həmin kateqoriyadan