III beynəlxalq Xankəndi ultramarafonu

III beynəlxalq Xankəndi ultramarafonu

Oktyabrın 8-11-də keçiriləcək III beynəlxalq Xankəndi ultramarafonunda beş ölkədən 100 atletin iştirakı gözlənilir.

Allsport.az xəbər verir ki, yarışa Qəbələ şəhərindən start veriləcək.

İştirakçılar 192 km məsafəni qət edərək Xankəndidə finişə çatacaqlar. Yarışda 5 ölkədən 100 idmançının mübarizə aparacağı gözlənilir.

Beynəlxalq ultramarafonun keçirilməsində əsas məqsəd sağlam həyat tərzinin və qaçış idmanının təbliği, həmçinin Azərbaycanın müxtəlif bölgələrinin idman vasitəsilə tanıdılmasıdır. 192 kilometrlik Qəbələ – Xankəndi marşrutu iştirakçıların fiziki hazırlığını və dözümlülüyünü sınayan ciddi mübarizə vəd edir.

Ultramarafon dörd mərhələdən ibarət olacaq: Qəbələ – Ağdaş (55 km), Ağdaş – Bərdə (65 km), Bərdə – Ağdam (44 km) və Ağdam – Xankəndi (28 km). Hər mərhələnin qalibləri ayrıca təltif ediləcək, ultramarafonun ümumi qalibləri isə baş mükafata layiq görüləcəklər.

Xankəndi ultramarafonu ilk dəfə 2024-cü ildə Xankəndi – Bakı marşrutu üzrə təşkil olunub. 380 km məsafəni əhatə edən yarışda dörd ölkədən 64 atlet iştirak edib. 2025-ci ildə isə ultramarafon Qəbələ – Xankəndi marşrutu üzrə keçirilib və yarışa altı ölkədən 81 idmançı qatılıb.

Həmin kateqoriyadan