FOTO
Milli idman brendi “İl’Azero”dan mükəmməl layihə – Qarabağ Azərbaycandır!

Azərbaycanın ilk idman geyimi brendi olan “İl’Azero” ordumuza və Qarabağa dəstək təbliğatı adı ilə Azərbaycanın düşmən əsarətində olan şəhər və rayonlarının rəmzi idman geyimlərini milli ruhda tərtib edilərək ictimaiyyətə təqdim edib. Allsport.az saytının məlumatına görə, geyimlərin hər birini ayrı-ayrı regionlarımıza məxsus naxış, ornament və simvollarla bəzəyən “Bir Azərbaycanlı”, nəfis tərtibatda olan bu formaları ali baş komandan, cənab prezident İlham Əliyev adı altında 1 nömrə ilə təqdim edilib. Bu layihə ilə bağlı öz fikrini apasport.az-la bölüşən beynəlxalq voleybol meneceri və şirkətin təsisçisi İlqar İmamquliyev açıqlamasında belə deyib:

“Hazırda davam etməkdə olan və hər birimizə fərqli bir özgüvən verən, millətimizin dövlətimiz və onun başçısı ətrafında inanılmaz bir birlik və şücaət göstərdiyi şərəf savaşındayıq. Biz də payımıza düşən, zərrə qədər də olsa ölkəmiz, Qarabağımız adına özünə məxsus şəkildə müəyyən təbliğat aparmağı özümüzə borc bilir, milli ornamentlərimizin, naxış və simvollarımızın dünyaya tanıdılmasında böyük sevgi və həvəslə tərtib etdiyimiz geyimlərin də az rolu olmayacağı qənaətindəyik.

Milli toponimlərimizə, naxış və simvollarımıza sahib çıxmaq üçün atılan hər bir addım böyük təbliğat xarakteri daşıya, dünayaya zəngin mədəniyyətimizi daha rahat çatdırmaqda yardımçı ola bilər. Mən də öz növbəmdə idman camiəsinin bir üzvü kimi bütün idman ictimaiyyətini, klublarını milli toponim və ornamentlərimizə daha çox önəm verməyə və beynəlxalq arenada daha geniş vitrin almasına səy göstərməyə çağırmaq istərdim.

İgid övladlarımızın soyuq səngərdə Vətənin keşiyində canları bahasına vuruşduğu bir vaxtda, bizə isti evimizdə, əmin amanlıq şəraitində bu işləri görmək üçün fürsət yaratdıqları üçün nə qədər minnətdar olsaq azdır deyib, bu 9 gün ərzində böyük sevgiylə işlədiyimiz milli ruhlu geyimlərimizi sizə təqdim etmək istərdik. Ayrıca bu geyimlərin hazırlanmasında mənə çox yardımçı olan, yuxusuz gecələr boyunca böyük zəhmət çəkən və bu işləri xüsusi sevgiylə görən qrafik müəllimim Nərminə xanıma və dostumuz Lalə xanıma minnətdarlığımı bildirirəm. Azərbaycan xalqı heç vaxt bu qədər güclü, həmrəy və özgüvənli olmayıb!

Qarabağ Azərbaycandır!!!”

Həmin kateqoriyadan