Millimiz Parisə ilin ilk karate1 premyer liqasına yollanıb

Qəbələdə təlim-məşq toplanışından sonra millimiz 18 nəfərlik heyətlə yanvarın 25-27-də Fransanın paytaxtında keçiriləcək “Paris Open” karate1 premyer liqa turnirinə yollanıb. Allsport.az saytı xəbər verir ki, AMKF prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi heyətdə baş katib Mirhəsən Seyidov, media və ictimaiyyətlə işlər katibi Sənan Məhərrəmov, beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov da yer alıblar.

Məşqçi heyətindən isə kumite üzrə baş məşqçi Bahəddin Qandaz, böyük məşqçilər Şahin Xudaverdiyev, Qurban Tağıyev, Anar Allahverdiyev və Denis Morozov, həmçinin kata üzrə baş məşqçi Vahid Ayvazov komanda ilə bir yerdədir.

Məşqçilər əsas heyətdən əlavə, bir neçə çəkidə əvəzedici heyətə də nüfuzlu yarışda iştirak etmək imkanı yaradıb. Karateçilər Firdovsi Fərzəliyev ( 60 kq), Rafiz Həsənov, Tural Ağalarzadə, Hümmət Baxşəliyev (hər üçü – 67 kq), Rafael Ağayev (75 kq), Roman Heydərov (kata), Nuranə Əliyeva, Fidan Teymurova (50 kq) və İlahə Qasımova (55 kq) turnirin ilk günü, Ayxan Mamayev, Turqut Həsənov, Pənah Abdullayev (84 kq), Şahin Atamov, Asiman Qurbanlı, Əli Cəfərov (+84 kq-dan yuxarı), eləcə də Fəridə Abiyeva (61 kq), İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (+68 kq) isə şənbə günü mübarizəyə qatılacaqlar. Medallar uğrunda həlledici görüşlər bazar günü keçiriləcək. Bu yarış həm də kumite üzrə yeni baş məşqçi, türkiyəli mütəxəssisin Azərbaycan karateçiləri ilə ilk rəsmi turniri olacaq.

Dünya Karate Federasiyasının mötəbər premyer liqa seriyasından ilin ilk turnirində 82 ölkədən 776 idmançı iştirak edəcək. Karateçilər hər qələbəyə və medallara görə dünya reytinqində mövqelərini gücləndirməkdən əlavə, Tokio-2020 və 2-ci Avropa oyunlarına vəsiqə almaq uğrunda reytinq xalları da qazanmağa çalışacaqlar.

Həmin kateqoriyadan