Millimiz Tokio karate1 premyer liqasına

Millimiz Tokioya karate1 premyer liqasına yola düşür. Allsport.az saytı xəbər verir ki, WKF-in ən nufuzlu turnirində 12 idmançımız iştirak edəcək.

AMKF prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi inzibati heyətdə vitse-prezident Rəhman Hətəmov, baş katib Mirhəsən Seyidov, baş hakim və beynəlxalq hakim Cahangir Babayev, eləcə də Vüqar Kərimov və media və ictimaiyyətlə işlər katibi Sənan Məhərrəmov yer alıblar.

Baş məşqçilər Şahin Xudaverdiyev, Anar Allahverdiyev, Vahid Ayvazov, o cümlədən böyük məşqçi Seymur Hüseynov kumitedə 11, katada 1 kimonu ustasını müşayiət edəcək. Heyətə Firdovsi Fərzəliyev (60 kq) Tural Ağalarzadə, Rafiz Həsənov (hər ikisi – 67 kq), Rafael Ağayev (75 kq), Ayxan Mamayev (84 kq), Şahin Atamov və Asiman Qurbanlı (+84 kq), Roman Heydərov (kata), eləcə də Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), Fəridə Abiyeva (61 kq) və İrina Zaretska (68 kq) daxil ediliblər.

Mövsümün 7 mötəbər premyer liqa turnirindən olan son Tokio mərhələsi, həm də noyabrda İspaniyada dünya çempionatına yekun hazırlıq yarışı olacaq. 8 oktyabrda səfərə çıxan heyət, 16 oktyabr tarixində Bakıya dönəcək.

Həmin kateqoriyadan