Millimizin baş məşqçisi: “İlk addımımızı bu gün atdıq”

Bu gün 19 yaşadək qızlardan ibarət Azərbaycan və Gürcüstan yığmaları arasında keçirilmiş yoldaşlıq oyunundan sonra yığmamızın baş məşqçisi Patrisiya Qonzales fikirlərini açıqlayıb. Allsport.az xəbər verir ki, ispaniyalı mütəxəssis komandamızın 2:0 hesablı qələbəsini belə şərh edib:
“1997/98-ci il təvəllüdlü futbolçuların iştirakı ilə bu il ilk oyunumuzu keçirdik. Heyətimizdə ötən il çıxış edənlərlə yanaşı, bu ildən etibarən bizə qoşulan futbolçular da var. Əsas məqsədlərdən biri həmin futbolçular arasında qarşılıqlı anlaşmanın səviyyəsini yüksəltməkdir. Futbolçuların qarşısında tələb qoymuşduq ki, məşqlərdə nümayiş etdirdiklərini oyun zamanı da göstərə bilsinlər və mənə elə gəlir, istəyimizə uyğun qarşılaşma izlədik. Bir sözlə, oyundan razı qaldım. Bütün oyunlar, ələlxüsus, beynəlxalq qarşılaşmalar bizim üçün çox vacibdir. Bu gün səhvlərimizi gördük, nəyin üzərində daha çox işləməli olduğumuzu müəyyənləşdirdik. Sentyabrda Avropa çempionatının seçmə mərhələsində keçirəcəyimiz oyunlara hazırlıq prosesində ilk addımımızı bu gün atdıq”.

Həmin kateqoriyadan