“Neftçi İdman Klubu” bu ili də zəfərlə başa vurub

“Neftçi İdman Klubu” idman sahəsində dövlət siyasətinin həyata keçirilməsində daim yaxından iştirak edib və bu gün də öz işini uğurla davam etdirir. Allsport.az saytı xəbər verir ki, klub mütəmadi olaraq neft, qaz və kimya sənayesinin işçiləri arasında idmanın müxtəlif növləri üzrə yarışlar təşkil edir. Bununla bərabər, peşəkar idmançıların yetişdirilməsi işində də bütün gücü ilə çalışır və Azərbaycan idmanına öz töhfələrini verir.

Yola salmaqda olduğumuz ilə nəzər salsaq, klubumuzun çoxsaylı uğurlara imza atdığının şahidi olarıq. Bu müddət ərzində klubun strukturunda fəaliyyət göstərən qurğularda idmanın 30 növü üzrə 81 peşəkar məşqçi-müəllimin rəhbərliyi altında minlərlə yeniyetmə və gənc, eləcə də yüzlərlə neftçi idmanla məşğul olub.

2021-ci ildə “Neftçi İdman Klubu”nun fəaliyyətinin əsas istiqaməti kimi, SOCAR-ın strukturuna daxil olan neft, qaz və kimya sənayesi müəssisələrində çalışan işçilərə və onların ailə üzvlərinə müasir tələblərə cavab verən bədən tərbiyəsi və idman xidmətlərinin göstərilməsi istiqamətində mühüm işlər görülüb. Bu müddət ərzində həmin işçilər arasında klubumuz tərəfindən çimərlik voleybolu, «Atam, anam və mən» (1 iyun – Uşaqların beynəlxalq müdafiəsi gününə həsr olunmuş idman-turizm yarışı) və mini-futbol (31 dekabr – Dünya Azərbaycanlılarının həmrəylik gününə həsr olunmuş turnir) üzrə kütləvi bədən tərbiyəsi və idman tədbirləri təşkil olunub ki, bu yarışlarda da yüzlərlə insan iştirak edib.

“Neftçi İdman Klubu”nun təmsilçiləri bu il Tokio-2020 yay olimpiya oyunlarında uğurla çıxış edərək 2 medala sahib olublar. İdmançılarımızdan sərbəst güləşçi Hacı Əliyev Azərbaycanın aktivinə gümüş medal yazdırıb. Cüdoçumuz İrina Kindzerska isə 3-cü yer uğrunda görüşdə çinli Şiyan Xuya qalib gəlib.

Klubun yetirmələrinin Tokioda keçirilən və 163 ölkədən 4400 idmançının 539 dəst medal uğrunda mübarizə apardığı XVI yay paralimpiya oyunlarındakı möhtəşəm çıxışlarını isə xüsusi vurğulamaq lazımdır. Ümumiyyətlə, Tokio paralimpiadası Azərbaycan idmanının, xüsusilə milli paralimpiya hərəkatının tarixinə qızıl hərflərlə yazıldı. Dördilliyin zirvə yarışına 36 idmançı ilə qatılan milli paralimpiya komandamız 19 medal (14 qızıl, 1 gümüş və 4 bürünc) qazanaraq, 163 ölkə arasında medal siyahısında 10-cu yerdə qərarlaşdı. Bu, 7-ci dəfə paralimpiya oyunlarında iştirak edən Azərbaycan yığmasının tarixində ən böyük uğurdur.

“Neftçi İdman Klubu”nun paracüdoçuları Tokio yay paralimpiya oyunlarında böyük əzmkarlıq nümayiş etdirərək ölkəmizə 8 medal (6 qızıl, 2 bürünc) qazandırdılar. Təmsilçilərimizdən Şahanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (57 kq), Xanım Hüseynova (63kq), Dürsədəf Kərimova (+70 kq), Vüqar Şirinli (60 kq), Hüseyn Rəhimli (81 kq) qızıl, Namiq Abbaslı (66 kq) və İlham Zəkiyev (+100 kq) isə bürünc medala sahib oldular.

Sentyabr ayında Tatarıstan paytaxtı Qazanda keçirilən birinci MDB oyunlarında da atletlərimiz böyük uğura imza atdılar. “Neftçi İdman Klubu”nun Azərbaycan millisinin heyətində yer alan yetirmələri mötəbər yarışın 6 medalına (2 qızıl, 2 gümüş, 2 bürünc) yiyələndilər. Onlardan yunan-Roma güləşçilərimiz Nihad Quluzadə (55 kq) və Sərxan Məmmədov (130 kq) qızıl, qadın güləşçimiz Şahanə Nəzərova (50 kq) isə gümüş medal qazandı. Cüdoçularımızdan 60 kiloqram çəki dərəcəsində çıxış edən Əhməd Yusifov yalnız həlledici final qarşılaşmasında komanda yoldaşına məğlub olaraq gümüş medala layiq görüldü. Digər cüdoçumuz Camal Feyziyev (+100) isə yarışı üçüncü pillədə başa vurdu. Samboçumuz Adil Adilzadə (88 kq) də turnirin bürünc medalına layiq görüldü.

“Neftçi İdman Klubu” uşaq futbolunun inkişafını özünün prioritet məsələlərindən hesab edir. Ona görə də uşaq futbolunda çalışmış təcrübəli mütəxəssislər və kateqoriyalı məşqçilər bu işə cəlb olunub. Klub tərəfindən daim seleksiya xarakterli toplantılar keçirilir, istedadlı uşaqlar, yeniyetmələr seçilərək müxtəlif yaş qrupları üzrə komandalara cəlb olunurlar. Hal-hazırda “Neftçi İdman Klubu”nda 24 məşqçinin rəhbərliyi altında 300-ə yaxın uşaq və yeniyetmə futbolun sirlərini öyrənir. Klubun uşaq futbol komandaları AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qrupları üzrə bütün liqalarda yüksək səviyyədə təmsil olunurlar.

Sadaladığımız bu uğurlar il ərzində klubun əldə etdiyi nailiyyətlərin cüzi bir hissəsidir. Qazandığı yüksək nailiyyətlər sayəsində “Neftçi İdman Klubu” gənclər və idman nazirliyi tərəfindən 2007, 2008, 2009, 2010, 2011, 2012 və 2013-cü illərdə ardıcılolaraq yeddi dəfə,sonrakı illərdə isə daha bir neçə dəfə “İlin ən yaxşı idman cəmiyyəti” adına layiq görülüb. Bütün bu göstəricilər “Neftçi İdman Klubu”nun ölkədə lider idman cəmiyyəti olmasının əyani sübutudur.

Həmin kateqoriyadan