FOTO
“Neftçi” yeni titul sponsoru ilə müqavilə imzaladı

“Neftçi” PFK və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında “Yeni titul sponsoru ilə imzalanma mərasimi” təşkil olunub. Allsport.az xəbər verir ki, Bakı Biznes Mərkəzində baş tutmuş, sosial əhəmiyyət daşıyan əməkdaşlıq müqaviləsinin imzalanması mərasimində futbol, eləcə də digər ictimai, siyasi sahələrdə fəaliyyət göstərən simalar, veteran futbolçular, klub rəsmiləri, jurnalistlər iştirak ediblər.

Tədbirdə ilk olaraq “Neftçi” PFK-nın Müşahidə Şurasının sədri Çingiz Abdullayev və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov çıxış ediblər. Daha sonra “Neftçi” PFK-nın icraçı direktoru Elnur Məmmədov və Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev əməkdaşlıq müqaviləsinə imza atıblar. Qonaqlara üzərində yeni titul sponsorun adı olan “Neftçi” PFK-nın forması nümayiş etdirilib.

Xüsusi olaraq qeyd etmək istərdik ki, SOCAR “Neftçi” PFK-nın əsas sponsoru olaraq qalır və əsas komandadan başqa bütün digər komandaların titul sponsorudur.

Mərasimdə “Neftçi” PFK-nın Müşahidə Şurasının yeni üzvlərinin də adları açıqlanıb. Yeni üzvlər “Neftçi” PFK-nın veteran futbolçusu, futbol mütəxəssisi Əsgər Abdullayev, SSRİ-nin Xalq Artisti, “Şöhrət” ordenli Fərhad Bədəlbəyli və Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinin rəisi Mehdi Nəcəfovdur. Bununla yanaşı “Neftçi” PFK-nın nəzdində iş adamlarından ibarət qrup fəaliyyət göstərəcək və Müşahidə Şurasının 9-cu üzvü bu qrupun nümayəndəsi olacaq.

Həmin kateqoriyadan