“Paris-2024 olimpiadasına gənclər və idman nazirliyi ilə birgə hazırlıq proqramı tərtib olunacaq”

“Bu gün milli olimpiya komitəsinin 8-ci hesabat-seçki baş məclisini keçirdik. Əslində, bu iclas ötən il keçirilməli idi. Bildiyiniz kimi, bu tədbiri hər yay olimpiya oyunlarından sonra keçirirdik. Lakin pandemiya ilə əlaqədar hesabat tədbirimiz təxirə salındı. Bugünkü tədbirdə MOK ötən 5 ildəki fəaliyyəti barədə hesabat verdi”.

Allsport.az saytı xəbər verir ki, bu sözü dekabrın 16-da yenidən MOK-un vitse-prezidenti seçilən Çingiz Hüseynzadə jurnalistlərə müsahibəsində deyib. O, oandemiya ilə əlaqədar iclasın onlayn formatda təşkil olunduğunu qeyd edib:

“MOK-un 112 səlahiyyətli nümayəndəsindən 105-ni toplantıya qoşuldu. Baş Məclisdən sonra İcraiyyə Komitəsinin ilk iclası oldu. MOK-un nizamnaməsinə əsasən, Komitənin vitse-prezidentləri və baş katibi müəyyənləşdi. Fərid Qayıbov və Zemfira Meftəhəddinova vitse-prezident seçildilər. Mənə yenidən etimad göstərildi və vitse-prezident kimi fəaliyyətimi davam etdirəcəyəm.

Paris-2024 olimpiadasına 3 ildən də az vaxt qalıb. Hazırlıq dövrü başlamalıdır. MOK yeni heyətlə növbəti oyunlara hazırlığına start verəcək. Eyni zamanda, gənclər və idman nazirliyi ilə birgə hazırlıq proqramı tərtib olunacaq. Pandemiya bizə mane olmasa, Paris oyunlarına yaxşı hazırlaşa bilərik.

Mötəbər turnirlərdə – gələn il keçiriləcək İslam həmrəyliyi oyunlarında, 2023-cü ildə Avropa oyunlarında, gənclər arasında olimpiya festivallarında və digər nüfuzlu yarışlarda fəal iştirak etməliyik. Ümid edirəm ki, yeni uğurlar qazanacağıq”.

Həmin kateqoriyadan