Pyotr Svidler: “Bu mənim karyeramda son şansımdır”

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun finalçısı Pyotr Svidler turnirin mətbuat xidmətinə açıqlama verib. Allsport.az xəbər verir ki, Svidler final görüşünün çətin olacağını deyib:

“Finalın özü həlledici görüşdür. Ona görə rəqibin kim olması o qədər önəmli deyil. Həm Pavel Elyanov, həm də Sergey Karyakin güclü şahmatçıdır. İndiki halda Karyakinə qarşı hazırlaşmışam. Sergey Bakıda çox gözəl oyun göstərdi. Yaxşı formadadır. Hər ikimiz üçün çətin olacağını deməliyəm. Artıq iddiaçılar turnirinə vəsiqə qazanmışam. İndi finalda da uğurlu çıxış etmək istərdim. İddiaçılar turnirinə vəsiqə qazanmaq çox önəmli idi. Yaşım az deyil, bu o deməkdir ki, hər zaman yaxşı oynaya bilməyəcəyəm. Hər halda şahmat gəncləri sevir. İddiaçılar turniri dünya çempionluğu uğrunda mübarizə aparmağa şərait yaradır. Ona görə çox sevinirəm. Bu mənim üçün son şansdır. Dünya çempionluğu uğrunda mübarizəyə qoşulmaqla hədəfimə çatdım”.

Svidler final görüşünə ağ fiqurlarla başlayacaq. Finalda şahmatçılar 4 dəfə üz-üzə gələcək. Qalib müəyyənləşməsə, finalçılar arasında tay-brek oynanılacaq. Svidlerin fikrincə həlledici görüşdə favorit yoxdur: “Dünya Kuboku kimi yarışlarda aşkar favorit olmur. Finalda təmkinli və düşünərək hərəkət etmək lazımdır. Tələsmək olmaz. Fikrimcə, şahmat azarkeşlərini maraqlı final gözləyir. Rusiyanın iki təmsilçisi mübarizə aparacaq. Güzəşt olmayacaq. Hər birimiz Dünya Kuboku qazanmaq istəyirik”.

Həmin kateqoriyadan