“Qəbələ” “Sumqayıt”la oyun üçün doğma meydanda hazırlaşır

Topaz Premyer Liqasının 5-ci turunda “Sumqayıt”la qarşılaşacaq “Qəbələ” sentyabrın 21-də baş tutacaq görüşün hazırlıqlarını davam etdirir. Allsport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsinin 1-ci turunun ayın 17-də keçirilən PAOK-la (Yunanıstan) matçından (0:0) sonra məşqlərinə ara verməyən komanda ötən gün Qəbələdə çalışıb.

Oyunun ertəsi günü Bakıda ADBTİA stadionunda məşq edən “qırmızı-qaralar” doğma arenaya qayıtdıqdan sonra da iki qrupla hazırlıq keçib. Belə ki, PAOK-la qarşılaşmanın iştirakçıları fiziki çalışmalara üstünlük veribsə, digərləri meydanda məşq edib. “Qəbələ” sabah oyunöncəsi son məşqini keçirəcək.

Xatırladaq ki, 5-ci turun son qarşılaşması olan “Qəbələ” – “Sumqayıt” oyunu sentyabrın 21-də baş tutacaq. Bu matç komandalar arasında 13-cü görüşdür. İndiyədək 10 qələbə qazanıb, 1 heç-heçə edib, 1 dəfə məğlub olan “qırmızı-qaralar” 27 top vurub, 8-ni buraxıb. Komanda 6 ev oyununda xal itirməyib.

Həmin kateqoriyadan