“Qəbələ” zirvə, “Neftçi” isə revanş arzusunda

Milli komandamızın Avropa çempionatının seçmə qrup mərhələsindəki oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranan fasilə bu gün basa çatır. Allsport.az xəbər verir ki, bu gün çempionatda startı veriləcək 8-ci turun görüsləri 3 gün davam edəcək.

“Qəbələ” oktyabrın 17-də saat 15:30-da Bakıda “Neftçi”nin qonağı olacaq. Təbii ki, bəri başdan matçın gərgin və maraqlı idman mübarizəsi şəraitində keçəcəyini söyləyə bilərik. Hərçənd, heyəti əsasən gənclərdən qurulan “Neftçi” cari mövsümdə bir o qədər də yaxşı təsir bağışlamır. Ancaq istənilən halda, flaqman ötən tur çempionatın debütantı “Zirə”yə məğlubiyyətdən (0:2) sonra xal itirməməyə çalışacaq. Rəqibi qələbəyə kökləyən digər amil isə revanş hissidir. Axı bakılılar “Qəbələ” ilə son qarşılaşmada meydandan məğlub ayrılıblar. Söhbət bu ilin aprelində Premyer Liqanın 2014/15 mövsümünün 30-cu turu çərçivəsində paytaxtda qeydə alınan 1:3 hesabından gedir.

“Qırmızı-qaralar”ın isə daha ciddi hədəfləri var. İki cəbhədə – həm Avroliqada, həm də çempionatda layiqli mübarizə aparan bu komanda uğurlu nəticə qazanmağa çalışır. Bu baxımdan, “Neftçi” ilə səfər matçı da istisna olmayacaq. Ancaq bu oyundan 5 gün sonra, yəni oktyabrın 22-də Avropa Liqasının qrup mərhələsində “Borussiya” (Dortmund, Almaniya) ilə matçı nəzərə alan məşqçilər korpusu yəqin ki, futbolçuların gücünü qorumaq, onların zədədən yayınmasının qarşısını almaq niyyətindədir. Eyni zamanda, hazırda lider “Qarabağ”dan 1 xal geri qalan komanda “Neftçi” üzərində qələbə sayəsində zirvəni ələ keçirməyi düşünür.

Məşqçilər korpusundan söz düşmüşkən, qarşıdakı oyun baş məşqçi Roman Qriqorçukun “Neftçi”dəki həmkarı Samir Əliyevlə ilk görüşü olacaq. Əvvəlki iki matçda ukraynalı mütəxəssis Arif Əsədovun çalışdırdığı komandaya qarşı çıxış edib. Həmin “duel”lərin hər ikisində 3:1 hesabı qeydə alınıb. Bir dəfə “Neftçi”nin, ikinci halda isə “Qəbələ”nin xeyrinə.

Növbəni statistikaya verərək qeyd edək ki, milli çempionatlar tarixində 9 il ərzində komandalar arasında 28 görüş baş tutub. Bunların 8-də “Qəbələ”, 13-də isə “Neftçi” zəfər çalıb. Qalan 7 matç heç-heçə yekunlaşıb. Topların fərqi də bakılıların lehinədir – 27:39. Ancaq son iki ildə tərəflər arasında bərabərsəviyyəli mübarizə gedir. Bunu statistikaya əsasən də söyləmək mümkündür. Belə ki, axırıncı 6 qarşılaşmada hərəyə 2 dəfə sevinən komandalar, qalan 2 oyunda 0:0 hesablı bərabərliyə razılaşıblar. Fakt budur ki, “Qəbələ” artıq “Neftçi” üçün arzuolunmaz rəqibə çevrilib. Son iki mövsümdə məhz “Qəbələ” Bakı təmsilçisini liderlər qrupundan sıxışdıraraq, çempionatın medallarına həsrət qoyub. (“Qəbələ” İK)

Həmin kateqoriyadan