“Qəbələ”nin yarımmüdafiəçi “Xəzər Lənkəran”la oyun öncəsi nə dedi?

Ölkə çempionatının 30-cu turunda “Rəvan”ı qəbul edən “Qəbələ” 2:0 hesabı ilə qalib gəldi. Allsport.az saytı xəbər verir ki, 5 oyunluq qələbəsizlik seriyasına son qoyan “qırmızı-qaralar” paytaxt təmsilçisinin qapısından ilk topu 80-ci dəqiqədə keçirdi. Qonaqların müqavimətini qıran topu Asif Məmmədov vurdu. 30 yaşlı futbolçu görüş haqda fikirlərini açıqlayıb:

“Qələbə qazanmaqdan başqa yolumuz yox idi. Artıq neçə tur idi qalib gələ bilmirdik. Həmin matçlarda da yaxşı oyun nümayiş etdirsək də, yaratdığımız imkanlardan yararlanmamağımız nəticə qazanmağa mane olurdu. Bu dəfə də matça yaxşı başlasaq da, qol vurmada çətinlik çəkirdik. Yaxşı ki, yekunda rəqib qapısından 2 top keçirib, 3 xal qazandıq. Bu qələbə komandamızda özünəinamı artıracaq. “Rəvan”la görüşdən əvvəlki turlarda qalib gələ bilməməyimizi bəxtsizliklə əlaqələndirərdim”.

31-ci turun “Xəzər Lənkəran”la oyunu haqda fikirlərini açıqlayan Məmmədov çətin səfər sınağında 3 xalın vacibliyini qeyd edib: “Növbəti turda “Xəzər Lənkəran”la qarşılaşacağıq. Gənclərdən təşkil olunan rəqib komanda çoxdan qələbə qazanmasa da, biz bu matça çox ciddi hazırlaşırıq. Onlarla ev oyunumuzda da xal itirmişdik. “Xəzər Lənkəran” kənardan göründüyü qədər asan rəqib deyil. Üstəlik, bu dəfə onlar evdə oynayırlar. Bizi çox çətin oyun gözləyir. Artıq xal itirmək haqqımız yoxdur. Həm çempionatın mükafatları, həm kubokun finalına irəliləmək üçün mübarizə aparacağıq”.

Həmin kateqoriyadan