“Rəhbərlik komandanın çıxışından razı deyil”

“Araz”ın futzal üzrə UEFA Kubokunda uğursuz çıxışına həm baş məşqçi Faustino Peres, həm də komandadakı yerli oyunçular münasibət bildirib. Elə onların yorumları ilə də kifayətlənmək olardı. Ancaq bu adi uğursuzluq deyil. Komanda tarixinin ən bərbad mövsümünü keçirdi, qrupda bir xal belə, qazana bilmədi. Bəlkə məşqçi seçimi yanlış olub? Bəlkə vaxtında necə olur-olsun, Joze Alesionu qaytarmaq lazım idi? Bu suallara isə rəhbərlikdən kimsə cavab verə bilərdi. Allsport.az sizi klubun idman direktoru Marat Salyanskidən alınmış müsahibə ilə tanış edir.

– Sualı konkret qoyaq: komanda niyə belə uğursuz çıxış etdi?
– İlk iki oyunda zəif görünmədik. Əksinə, “Dina” ilə görüşdə üstün tərəf idik. Ancaq sonluğu gətirə bilmədik. “Slov-Matik”lə matçda xal itirmişdik deyə, riskə getməli olduq ki, bu da əks effekt verdi. Startda uduzmamalıydıq. Çoxlu qol imkanı yaratsaq da, uşaqlar yararlana bilmədilər. Rəqib isə əksinə, ələ düşən hər fürsəti qola çevirdi.

– İlk iki oyunda məşqçinin riskləri özünü doğrultmadı…
– Komanda qurmaq daha asandı, nəinki 5-in 4-ə taktikasını səhvsiz icra etmək. Bu, vərdişlərlə avtomatikləşdirilən taktikadı. Hər fəndi aylarla məşq etməlisən ki, hər kəs komanda yoldaşının meydanın harasında olduğunu gözüyumulu bilsin. 15-20 gün hazırlaşmaqla istədiyini əldə edə bilməzsən. Ancaq Peresin başqa variantı yox idi. “Slov-Matik”ə uduzmaq, hətta heç-heçə etmək “Dina”nı udmaq zərurəti yaradırdı. Bu isə asan olmayacaqdı. Ona görə də hesab 2:2 olanda riskə əl atdı. Bu məşqçinin qələbə istəyindən irəli gəlir. “Dina” ilə qarşılaşmada da həmçinin.

– “Xrudim”ə 0:6 uduzmağa bəraət yoxdu…
– Komanda toparlana bilmədi. Artıq “dördlər finalı”nın taleyi həll olunmuşdu, heyətdə itkilər var idi. Təbii ki, peşəkar oyunçular hər bir vəziyyətə hazır olmalıdı. Oyundan sonra hamımız əsəbləşmişdik. Ümumiyyətlə, rəhbərlik komandanın çıxışından razı deyil. Federasiya prezidenti Zaur Axundov da bizimlə idi, o da razı qalmadı. “Araz” həmişə iddialı olub, komanda adına uyğun çıxış etmədi.

– Belə deyək, Alesionun yeri görünürdü?
– Tino daha sanballı, titullu məşqçidi. Onu Alesio ilə müqayisə etmək lazım deyil. Sabiq baş məşqçiyə illərdi şans verildi, o da vaxt bolluğundan yararlanıb komandasını formalaşdırdı. “Araz”ın üzvləri ilə ilboyu bir yerdə idi, klubda və yığmada eyni oyunçular top qovurdu. Həm də əlinin altında səviyyəli futzalçılar cəm olmuşdu. Hansı ki aralarında ÇL-i qazanan, finalda oynayan var idi. Həmin komanda “Sportinq”i mübarizədən kənarlaşdırmışdı. Halbuki portuqaliyalılar “dördlər finalı”na vəsiqə qazandı. Həmin “Araz” “Kayrat”a qalib gəlmişdi. Qazaxlar da elit mərhələni uğurla adladı. Peres isə yeni gəlib. Heç bu komanda da özünün deyil. Yarısını “Xəzər adaları”ndan icarəyə götürmüşdük. Heyətə baxın, vaxtilə bizdə oynayan Amadeu Fernandes və Eduardo Borgesi çıxmaqla başqalarının UEFA Kubokunda elit mərhələ təcrübəsi yoxdu. Buna baxmayaraq, Peres yerlilərə daha çox şans verir. Alesio hətta Rəcəb, Namiq, Rizvan kimi təcrübəlilərə start heyətində şans vermirdi. Ancaq yeni çalışdırıcının istər start heyətində, istər oyunun gedişində, hətta hesabda geri olanda da İsanı, Ramizi, Xətaini meydana buraxdığını görürük. Bunun nəyi pisdi ki?

– Məşqçi yerli futzalçıların beynəlxalq oyun təcrübəsinin azlığından gileylənib.
– Razıyam. Tədricən bu çatışmazlıq aradan qaldırılacaq. Hazırda çempionat davam edir və “Araz”ın hansısa beynəlxalq yarışa qatılması mümkün deyil. Əvəzində yaxın günlərdə yığmanın təlim-məşq toplanışı təşkil ediləcək. Konkret noyabrın 30-da Özbəkistanda beynəlxalq turnir olacaq ki, yığma həmin yarışa qatılacaq. Heyət tezliklə açıqlanacaq. Qeyd edim ki, Özbəkistandakı turnirə meydan sahibləri və yığmamızla yanaşı, Qazaxıstan və Belarus da qatılacaq. (futzal.az)

Həmin kateqoriyadan