Rafael Ağayev: “Karyeramı bitirməyi düşünmürəm”

“Hər idmançının arzusu olimpia çempionu olmaqdır. Mən də bunu ürəkdən istəyirəm. Amma hərəkət etmək və çalışmaq lazımdır”. Allsport.az xəbər verir ki, bu sözləri Tokio-2020 yay olimpiya oyunlarında iştirak edəcək karateçi Rafael Ağayev (75 kq) milli olimpiya komitəsinə müsahibəsində deyib.

Təcrübəli idmançı karyerasını bitirmək barədə düşünmədiyini bildirib: “Allah mənə nə qədər güc veribsə, nə qədər canım istəyirsə, zədələr olmasa, o qədər vuruşacağam”.

Ağayev bütün ailə üzvlərinin onu dəstəklədiyini söyləyib: “Təəssüflər olsun ki, anam rəhmətə gedib. O, sağ olarkən mənə çox dəstək verirdi”.

Karateçi 5 qat dünya və 11 qat Avropa çempionu olmağın onda əlavə məsuliyyət və təzyiq yaratdığını sözlərinə əlavə edib: “Peşəkar idmançı hər zaman məsuliyyət daşımalıdır. Diqqət həmin şəxsin üzərində olur və ondan qızıl medal gözlənilir. Uduzmağa öyrəşməməliyik, amma biz də robot deyilik. Məğlub olmağı bacarmalıyıq. Uduzduğumuz qarşılaşmaların səbəbini tapmalı və səhvlərin üzərində işləməliyik”.

O, Tokio olimpiadasındakı əsas rəqibləri haqqında bunları söyləyib: “Olimpiadaya zəif idmançı gəlmir. Yarış zamanı 10 idmançı olacağıq və iki qrupa bölünəcəyik. Mən orada 4 idmançını özümə rəqib bilirəm. Hamısına hörmət edirəm, amma çox güclü rəqiblərim Ukrayna, Yaponiya, İtaliya və İran təmsilçiləridir. Bunların arasında yapon Ken Nişimura və italyan Luici Buza mənim üçün çətin rəqiblərdir. Birini seçəsi olsam, italiyalı karateçini seçərəm. Çünki biz bir-birimizi gözüyumulu tanıyırıq. Həyatda heç nəyi asan əldə etmək olmur. Allah böyükdür. Hər şey ola bilər, idman sürprizlərlə doludur. Amma onu əlimizdə bəhanə etmirik və Tokioya qızıl medal üçün gedirik”.

Tokio olimpiadası 23 iyul – 8 avqust aralığında keçiriləcək.

Həmin kateqoriyadan