«Red Bull Flying Bach» Bakıda klassika ilə müasirliyi görüşdürəcək

6-7 dekabrda Heydər Əliyev Mərkəzində klassik musiqini, breyk-dansı və müasir baleti bir araya gətirən «Red Bull Flying Bach» – unikal şousu keçiriləcək. Allsport.az saytı xəbər verir ki, breyk-dans üzrə 4-qat dünya çempionu olan əfsanəvi “Flying Steps” qrupu, öz inanılmaz çıxışları ilə artıq bütün cahanı fəth edib. İndi onlar ilk dəfə olaraq dünya turu çərçivəsində Bakıya səfər edəcəklər.

«Red Bull Flying Bach» klassik musiqi və breyk-dans haqqında təsəvvürləri alt-üst edərək, ziddiyyətlərin cəzb olunduğunu sübut edir, və müasir rəqs musiqisi ilə barokko dövrünün alman bəstəkarı İoqan Sebastyan Baxın əsərlərinin bir-birini əla tamamladığını göstərir. 7 bi-boyun və balerinanın kreativ çıxışı ciddi musiqi ilə gənc nəsil mədəniyyəti arasında sərhədləri silərək, klassikanı vizuallaşdırır və canlandırır.

Şousunun əsas musiqi hissəsi – 1744-cü ildə müəllif tərəfindən bitirilmiş klavir üçün 48 müqəddimə və fuqadan ibarət olan, Baxın əsərləri silsiləsindən «Yaxşı temperasiya edilmiş klavir»in interpretasiyasından ibarətdir.

«Red Bull Flying Bach» şousu 2010-cu ildə almaniyanın musiqi sahəsində ən böyük Echo Klassik Awards mükafatlandırma mərasimində klassik musiqidə görkəmli nailiyyətlər nominasiyasının qalibi olub. 2011-ci ildə təşkil olunan tədbirin birinci Avropa turu həm tənqidçiləri, həm də bütün qitə tamaşaçılarını valeh etdi. Tədbirin bütün biletləri tamamilə satılmışdı.

Elə həmin il kollektiv Düsseldorfda keçirilmiş Avroviziya 2011-in ikinci yarımfinalı çərçivəsində şoudan bir hissə ilə çıxış edib. 2012-ci ildən başlayaraq, komanda Sinqapur, Yaponiya, Avstraliya və ABŞ daxil olmaqla, dünyanın bütün maraqlı yerlərində konsertlərlə çıxış edir. Bu həftəsonu unikal və təkraredilməz şou Bakı tamaşaçılarını valeh edəcək.

111 333

Həmin kateqoriyadan