Beynəlxalq medianın diqqət mərkəzində

Beynəlxalq medianın diqqət mərkəzində

10-cu yubiley Azərbaycan qran prisi yarış həftəsonu ərzində Bakının beynəlxalq media diqqətində olmasına səbəb olub.

Allsport.az xəbər verir ki, yarışı dünyanın aparıcı media qurumlarını təmsil edən jurnalist, fotoqraf və çəkiliş qrupları, ümumilikdə 300-ə yaxın yerli və xarici media nümayəndəsi birbaşa Bakı Şəhər Halqasından işıqlandırıb.

Azərbaycan Qran prisi 56 xarici televiziya kanalı və yayım platformasında, o cümlədən “Sky Sports”, “ESPN”, “Canal+”, “beİN Sports”, “Apple TV”, “Tencent”, “TV Globo” və “DAZN” kimi beynəlxalq media qurumlarında yayımlanıb. “Netflix” platformasının məşhur “Drive to Survive” serialının çəkiliş heyəti də ənənəvi olaraq Bakıdakı yarışda iştirak edib.

Qran pri həftəsi ərzində xarici media nümayəndələri yalnız yarışın gedişini işıqlandırmaqla kifayətlənməyib, Azərbaycanın mədəniyyəti və milli ənənələri barədə də reportajlar hazırlayıblar. Xarici jurnalistlər üçün təşkil olunan xüsusi media-tur çərçivəsində ölkənin zəngin irsi ilə tanış olmaq imkanı yaradılıb.

Formula-1-in Avstriyadakı rəsmi yayımçısı “ServusTV” Bakı haqqında xüsusi süjet hazırlayaraq milli mətbəx, ənənəvi musiqi və musiqi alətlərini təqdim edib. Böyük Britaniyanın “Sky Sports” telekanalı isə Azərbaycan xalçaçılığına həsr olunmuş ayrıca süjet yayımlayıb.

Akkreditə olunmuş media nümayəndələrinin fəaliyyəti üçün beynəlxalq avtomobil federasiyasının (FİA) tələblərinə uyğun media mərkəzi yaradılıb. Mərkəzdə jurnalistlər üçün iş zonaları, texniki imkanlar və mətbuat konfrans zalı fəaliyyət göstərib.

Həmin kateqoriyadan