Robert Prosineçki: Rəqibi təhlil etmişik

Sabah futbol millimiz paytaxtda almaniyalı həmkarları ilə qarşılaşacaq. Allsport.az saytı xəbər verir ki, görüşdən öncə keçirilən mətbuat konfransında “ay-ulduzlular”ımızın baş məşqçisi Robert Prosineçki iddialı danışıb:

“Bir həftədir toplanışdayıq. Hazırlıq prosesindən razıyam. Lazımi məlumatları futbolçulara çatdırmışıq və əlimizdən gələni edəcəyik. Komanda oyuna hazırdır. Start heyətində Kamran Ağayev, Maqomed Mirzabekov, Rəşad Sadıqov, Bədavi Hüseynov, Pavel Paşayev, Qara Qarayev, Rahid Əmirquliyev, Cavid Hüseynov, Əfran İsmayılov, Dmitri Nazarov və Ramil Şeydayev yer alacaq.

Rəqibi təhlil etmişik. Almaniya millisi dünya çempionu olmasına baxmayaraq, sabah onları asan oyun gözləmir. Futbolçularımın fiziki durumundan həmişə razı qalmışam. Komandamızın sabah da əlindən gələni edəcəyinə əminəm. Müəyyən problemlərimiz var. Namik Ələskərov zədəli olduğu üçün sabah meydana çıxa bilməzdi.

Maksim Medvedevin fiziki durumu oynamasına imkan vermir. Ruslan Abışovla bağlı nəsə etməyə çalışsaq da, o da zədəsi ilə əlaqədar olaraq, Almaniya yığması ilə görüşü buraxacaq”.

Həmin kateqoriyadan