Səmti müəyyənetmə olimpiya ailəsinə doğru – ilk festival Azərbaycanda ola bilər

Estoniyanın Tartu şəhərində səmti müəyyən etmə üzrə dünya çempionatı ilə yanaşı, “VIP Race” təşkil olunub. Allsport.az saytı xəbər verir ki, federasiya prezidentləri, IOF rəsmiləri və bir sıra təşkilar nümayəndələrinin qatıldığı yarışda Azərbaycanı Mirəli Kazımov təmsil edib.

Federasiya prezidentimiz IOF tərəfindən təşkil olunan prezidentlərin və məsul şəxslərin iştirakı ilə konfransda iştirak etmişdir. Konfransda səmti müəyyənetmənin gələcək perspektivləri və olimpiya idman növü olma yolunda atılacaq mümkün addımlar müzakirə olunmuşdur. Bununla yanaşı IOF-un Avropa Komissiyasının strukturunun yenidən formalaşması kimi strateji müzakirələrdə Mirəli Kazımov öz konstruktiv təklifləri ilə çıxış etmiş və bu təkliflər iştirakçılar tərəfindən müsbət qarşılanmışdır.

Azərbaycanın bir idman ölkəsi kimi son zamanlar göstərdiyi naillətlər nəzərdən yayınmamış və bu idman növündə inkişaf etməkdə olan ölkə kimi rolu və nəticələri yüksək qiymətləndirilmişdir. Gələcəkdə ölkəmizdə səmti müəyyənetmə idman növü üzrə böyük və mötəbər tədbirlərin həyata keçirilməsi perspektivləri müzakirə olunmuş və Dünyada ilk səmti müəyyənetmə festivalının məhz Azərbaycanda keçirilməsi təklifi irəli sürülmüşdür. Bu təklif bir çox federasiya prezidentləri və IOF rəsmiləri tərəfindən müsbət qarşılanmış və tədbirin həyata keçirilməsi üçün dəstək nümayiş olunmuşdur.

Bununla yanaşı Azərbaycan Səmti Müəyyənetmə Federasiyası ilə Türkiyə, Belarus, Rusiya, Çexiya və Bolqarıstan kimi ölkələrin müvafiq federasiyaları arasında rəsmi görüşlər keçirilmiş və qarşılıqlı əməkdaşlıq haqda razılıq əldə olunmuşdur. Bolqarıstanın keçmiş idman naziri olmuş və hazırda Bolqarıstan Səmti Müəyyənetmə Federasiyasının prezidenti də Azərbaycanla sıx əməkdaşlıq etmək barədə istəyini bildirmişdir. Bununla yanaşı Aralıq Dənizi Ölkələri Konfederasiyası üzvləri olan Fransa, İtaliya və Serbiya Federasiya prezidentləri ilə həyata keçirilən təkli görüşlərdə Azərbaycanı gələcəkdə bu qurumda görməyi arzuladıqlarını bildirmişlər.

Həmin kateqoriyadan