“Sabah” bəyanat yaydı

“Sabah” bəyanat yaydı

“Sabah” futbol klubu “Orhus”la oyundan əvvəl azarkeşlər arasında baş verən insidentlə bağlı bəyanat yayıb.

Allsport.az xəbər verir ki, klub hadisədən təəssüf hissi keçirdiyini bildirib və insidentin tam kontekstinin düzgün təqdim olunmasının vacibliyini vurğulayıb.

Bəyanatda “Sabah”ın “fair play” prinsiplərinə, qarşılıqlı hörmətə və sivil davranış qaydalarına önəm verdiyi qeyd olunub.

Klubun məlumatına görə, insidentdən əvvəl qonaq azarkeşlər tərəfindən yerli tərəfdarlara qarşı şifahi aqressiya nümayiş etdirilib və Azərbaycan mədəni kontekstində təhqiramiz hesab edilən ifadələr səsləndirilib.

Bununla belə, “Sabah” fiziki aqressiyanı və zorakılığı dəstəkləmədiyini, istənilən mübahisənin sivil və qanuni yollarla həll edilməli olduğunu bildirib.

Klub hadisə ilə bağlı UEFA və aidiyyəti qurumlarla əməkdaşlığa hazır olduğunu açıqlayıb. Həmçinin insidentin obyektiv araşdırılması üçün müşahidə kameralarının görüntüləri də daxil olmaqla, klubun sərəncamında olan məlumat və materialların aidiyyəti qurumlara təqdim edildiyi bildirilib.

“Sabah” həm öz azarkeşlərini, həm də Azərbaycana gələn xarici tərəfdarları qarşılıqlı hörmətə və futbol mədəniyyətinə riayət etməyə çağırıb.

Həmin kateqoriyadan