Şahin Diniyev: “Rəhbərlik bizdən uğurlu nəticə gözləyir”

“Digər oyunlara necə hazırlaşmışıqsa, qarşıdakı görüşə də o cür hazırlıq olub. Həftə boyu komanda səylə məşq edib”. Allsport.az xəbər verir ki, bu sözləri “Kəpəz”in baş məşqçisi Şahin Diniyev klubun mətbuat xidmətinə söyləyib.

Təcrübəli məşqçi Gəncə təmsilçisinin çempionatın 3-cü turunda qarşılaşacağı “Qəbələ” ilə matç haqda fikirlərinə daha sonra belə davam edib: “Hazırlıq dönəmində sırf Qəbələ klubuna qarşı hazırlıq olmayıb. Taktiki planda dəyişiklik olacaq. Ancaq motivasiya, əhval-ruhiyyə baxımından dəyişiklik yoxdur. Komanda oyuna digər matçlara olduğu kimi yanaşır. Bilirik ki, bizi çətin oyun gözləyir”.

Diniyev oyundan gözləntiləri haqda da danışıb: “İki oyundur yaxşı çıxış etsək də, qələbə qazana bilmirik. Gəncə azarkeşləri, rəhbərlik bizdən uğurlu nəticə gözləyir, meydana bunun üçün çıxacağıq. Komanda öncə yaxşı futbol göstərməyə çalışacaq. Bu olarsa, mütləq nəticə də gələcək”.

“Sarı-göylər”in çalışdırıcısı rəqibin güclü olduğunu da deyib. O, “Qəbələ”nin səviyyəli futbolçulardan qurulduğunu bildirib: “Ölkənin ən iddialı klublarından birinə qarşı oynacağıq. Onların Avropa Liqasında oynamasına baxmayın. Çünki komandada iki eyni səviyyəli heyət var. Ehtiyatda qalan futbolçular da güclüdürlər, millidə çıxış edirlər. Gərgin oyun olacaq”.

Həmin kateqoriyadan