Tərlan Əhmədov: “Bu büdcə ilə Premyer Liqada oynamaq çox çətindir”

AzAL-ın baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının 2-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, “təyyarəçilər”in çalışdırıcısı 0:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Bizim vəziyyətimizi başa düşmək lazımdır. Bu büdcə ilə Premyer Liqada oynamaq çox çətindir. Buna baxmayaraq, bu gün biz “Qəbələ”dən geri qalmadıq. Təhlükəli hücumlar qurmağa çalışdıq. Amma qol vura bilmədik. Heyətdə çox sayda çatışmazlıq var. Hücumda, müdafiədə problemlərimiz yetərincədir. Düşünürəm ki, son vaxtların ən inkişafda olan, ən yaxşı futbol sərgiləyən komandasına qarşı oynadıq. Bu mənada oyunçulardan narazılığım yoxdur. Penalti epizoduna gəlincə isə bunu müzakirə etmək istəmirəm. Hakim düzgün qərar vermişdi. Biz pressinq etməyə çalışdıq. Bunu meydançanın rəqibə aid hissəsində etməyin öhdəsindən gəldik. Vəziyyət elədir ki, mən futbolçulardan çox şey tələb edə bilmirəm. Böyük futbol oynamaq üçün bəzi futbolçular xarakterlərini dəyişməlidirlər. Məni ən çox narahat edən məsələ komandanın ardıcıl iki oyunda məğlub olmasıdır. Zamana ehtiyacım var”.

Həmin kateqoriyadan