Tokio-2020 XXXII yay olimpiya oyunlarının açılışı olub

İyulun 23-də Bakı vaxtı ilə saat 15:00-da Tokio-2020-nin möhtəşəm açılış start götürüb. Allsport.az saytı xəbər verir ki, olimpiya stadionunda keçirilən tədbir pandemiya ilə əlaqədar azarkeşlərsiz olub. Mərasimində komandaların paradı hissəsində nümayəndə heyətləri məhdud tərkibdə iştirak ediblər.

Tokionun 32-ci oyunlara ev sahibliyi etməsi haqqında qərar 2013-cü il sentyabrın 7-də BOK-un Argentinada keçirilən 125-ci sessiyasında qəbul olunub. Yaponiyanın paytaxtı səsvermədə İstanbul və Madrid şəhərlərini qabaqlayıb. Tokioda 1964-cü ildə də eyni tədbir baş tutub.

Olimpiadanı ötən il iyulun 24-dən avqustun 8-dək keçirilməsi planlaşdırılırdı. Lakin dünyanı cənginə alan koronavirus pandemiyası ilə əlaqədar BOK 2020-ci il martın 24-də “dördilliyin” bir il təxirə salınması barədə qərar qəbul edib. Cari il martın 30-da yeni tarix müəyyənləşib.

Olimpiya oyunlarında 204 MOK-dan 11 min idmançı 33 növ üzrə 339 dəst medal uğrunda mübarizə aparacaq. Proqrama karate, sörfinq, dırmanma və skeytbordinq yeni daxil edilib. Medalların sayı ötən dəfə ilə müqayisədə 33 dəst çoxdur.

Azərbaycan millisi 44 idmançı ilə təmsil olunur. Ölkəmiz 7-ci dəfədir yay olimpiya oyunlarında iştirak edir. Millimizin debütü Atlanta-1996-ya təsadüf edib. Azərbaycan komandası medalların sayına görə ən böyük uğurunu Rio-2016-da qazanıb. Həmin olimpiadaya 56 idmançı ilə qatılan komandamız 1-i qızıl, 7-si gümüş və 10-u bürünc olmaqla, ümumilikdə 18 mükafata sahib çıxıb.

Tokio-2020-də ən böyük heyət ABŞ komandasına məxsusdur. Yarışda ABŞ-ı 613 atlet təmsil edəcək. Andorra, Bermud Adaları, Bruney, Dominik, Lesoto, Mavritaniya, Marşal Adaları, Nauru, Somali, Tuvalu, Mərkəzi Afrika Respublikası və Cənubi Sudan 2 idmançı ilə təmsil olunur. Dördilliyin zirvə yarışında, həmçinin qaçqınlardan ibarət və BOK-un komandaları iştirak edir.

Turnirin ən az yaşlı idmançısı suriyalı Hend Zazadır. On iki yaşlı idmançı stolüstü tennis yarışlarında gücünü sınayacaq. Ən yaşlı idmançı – 66 yaşlı avstraliyalı Meri Hanna isə atçılıq yarışlarında mübarizə aparacaq.

Həmin kateqoriyadan