“UEFA Türkiyəyə ev sahibliyi vermədi, amma özləri istəmədən Bakıda meydan sahibi olduq”

Türkiyə millisi AÇ-2020-nin “A” qrupunda Uels, İsveçrə və İtaliyaya rəqib olub. Allsport.az saytı xəbər verir ki, baş məşqçisi Şənol Günəş püşkü belə dəyərləndirib:

“Biz də oyunlarımızın Azərbaycanda olmasını istəyirdik. Bakıda – öz meydanımızda oynayacağımızı düşünürük. Buna görə sevindik, qrupda yalnız Romaya uzun səfərimiz var. Qrup mərhələsində iştirak etmək çox önəmli idi. Avropanın ən güclüləri burdadır. İnşallah, qrupdan çıxıb, daha gözəl günlər görərik. İsveçrənin baş məşqçisi Vladimir Petkoviç daha öncə “Samsunspor”u çalışdırıb.

Türkiyə futboluna yaxşı bələddir. Rayan Giqqz isə Böyük Britaniyadan kənara çıxmayan bir mütəxəssisdir. Uels qrupa 4-cü səbətdən düşüb. Açılış matçında Türkiyə futbolunun fəlsəfəsini göstərmək üçün şansımız olacaq. Gənc komanda, yüksələn bir dəyərik. Turnirin final mərhələsində oynamaq çox önəmli idi. Bu komandaya sahib olsaq, inşallah, ən yaxşısını edərik. Qrupdakı komandalar bir-birini tanıyır. Özümüzə və rəqiblərimizə sürpriz edə bilən komandayıq. İtaliya seçmə mərhələdə 10 oyunda qalib gəldi. İnşallah, ilk məğlubiyyəti bizdən alarlar”.

“A” qrupunun oyunlarına İtaliyanın paytaxtı Roma ilə yanaşı, Bakı şəhəri də ev sahibliyi edəcək. İyunun 13-də Uels – İsveçrə, 17-də Türkiyə – Uels, 21-də isə İsveçrə – Türkiyə matçları Bakı Olimpiya Stadionunda təşkil olunacaq. Turnirin açılış oyunu olan İtaliya – Türkiyə matçı isə iyunun 12-də Romada oynanılacaq.

Həmin kateqoriyadan