“Ukrayna ilə oyunda heç-heçəni düşünsək, uduzarıq”

Futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsində keçirilmiş Azərbaycan – Danimarka oyunundan sonra mətbuat konfransında hər iki komandanın baş məşqçisi fikirlərini bölüşüb. Allsport.az sizi həmin fikirlərlə tanış edir.

Nikolay Klein (Danimarka millisinin baş məşqçisi): “Bu gün çox güclü komandaya qarşı oynadıq. Amma rəqib nə qədər güclü olsa da, qapımızda 11 qol görməli deyildik. Birinci hissədə yaxşı oynadıq. Lakin son 10 dəqiqədə Azərbaycan yığması üstünlüyə tam yiyələnərək, ardıcıl qollar vurdu. Həm Ukrayna, həm də Azərbaycan millisi güclü komandadır. Bu cür rəqiblərlə qarşılaşmaq bizim üçün yaxşı təcrübə oldu”.

Peres Moreno Qomez Faustino (Azərbaycan millisinin baş məşqçisi): “Komandamı təbrik edirəm. Ardıcıl ikinci qələbəmizi qazandıq. İlk növbədə, fikrimiz qələbə qazanmaq idi. Daha sonra qol fərqi barədə düşünmək olardı. İkinci hissənin əvvəlində rəqibin vurduğu qol bizi sanki ayıltdı. Bundan sonra ard-arda qollar gəldi. Hazırda qrup lideriyik. Son turda Ukrayna yığması ilə qarşılaşacağıq. Həmin oyunda da yalnız qələbə haqda düşünəcəyik. Heç-heçəni düşünsək, uduzarıq”.

Həmin kateqoriyadan