Ukraynanın ən yaxşısı Olqa Xarlan birinci Avropa Oyunlarına ciddi hazırlaşır

Xəbər verdiyimiz kimi, Ukraynanın paytaxtında “İdman ilinin qəhrəmanları” 10-cu yubiley mükafatlandırma mərasimi keçirilib. Allsport.az xəbər verir ki, idmançıların namizədliyi Ukrayna Milli Olimpiya Komitəsinin iştirakı ilə və ölkənin hər yerindən 230-dan çox media nümayəndəsinin rəyi nəzərə alınmaqla irəli sürülüb.

Mötəbər münsiflər heyəti ötən ilin yekunlarına görə 12 nominasiyada ən layiqli idmançıları seçib. Olimpiya çempionu, fərdi birincilikdə qılıncoynatma üzrə dünya və Avropa çempionu, sablyaçıların komanda birinciliyində dünya və Avropa çempionatlarının bürünc mükafatçısı 24 yaşlı Olqa Xarlan ilin ən yaxşı qadın idmançısı adına layiq görülüb. O bu nominasiyada artıq ikinci dəfədir qalib gəlir.

Xarlan “Azərtac”a eksklüziv müsahibəsində deyib: “Yenidən mükafat aldığıma görə çox şadam. Çəkdiyin zəhmətə görə mükafatlandırılmağın həmişə xoşdur. “İdman ilinin qəhrəmanları” mərasimi hər dəfə yeni emosiyalar doğurur. 2014-cü ilin nailiyyətlərinə gəldikdə isə ailə qurmuşam. Yəqin ki, bu, həyat yoldaşım ilə mənim üçün əsas qələbə olub”.

Ukraynalı sablyaçının medallar kolleksiyasına hər bir idmançı qibtə edə bilər: 2008-ci il Pekin Olimpiadasının qızıl, 2012-ci il London Olimpiadasının bürünc medalları, dünya birinciliyinin dörd qızıl medalı və Avropa çempionatlarının yeddi qızıl mükafatı. Müxtəlif beynəlxalq turnirlərdə və Dünya Kuboku yarışlarının qrup mərhələlərində qazandığı medalların sayı isə artıq yüzü ötüb. Yeri gəlmişkən, O.Xarlan ilk Olimpiya qızılını 17 yaşında, yaşlı idmançılar arasında Avropa çempionatında ilk qızıl medalını isə 14 yaşında qazanıb. Qələbələr siyahısının zəngin olmasına baxmayaraq, Olqa çox sadə insandır. Çempion deyir:

– Özümü təcrübəli idmançı adlandıra bilmərəm. Hələ çox şey öyrənməliyəm. İndi başqa ölkələrin bayraqları altında çıxış edən idmançılar çoxdur. Aydın məsələdir ki, bunu yaxşı həyat üzündən etmirlər. Ukraynada məni çox şey saxlayır. İlk növbədə mən vətənpərvərəm. Bu ölkə təkcə həyatım deyil, həm də canımdır.

İdmançının məşqçisi Artyom Skoroxod deyir ki, MDB ölkələrindən birinin yığmasına keçməsi üçün onun yetirməsinə böyük pullar, sosial təminat və mənzil təklif ediblər:

– Olqa artıq çoxdan təkliflər almağa başlayıb və qərar qəbul edib, çünki ürəyi ona doğru yol göstərir. O, harada tərbiyə aldığını, qılıncoynatmanın sirlərini harada öyrəndiyini, Olimpiya oyunlarında hansı ölkə üçün qələbə qazandığını yaxşı xatırlayır. Təbii ki, başqa yığmaya keçmək yanlış və qeyri-etik bir hərəkət olardı. Bilirik ki, ilin əvvəlindən bir çox ukraynalı idmançı ölkəni tərk edib. Lakin Olya bambaşqa adamdır. İnanın ki, o, hələ uzun müddət ukraynalı azarkeşləri öz qələbələri ilə sevindirəcək. İndi biz Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlaşırıq. 2016-cı il Rio-de-Janeyro Olimpiya Oyunlarına da az vaxt qalıb.

İdmançı hazırda planetimizin ən güclü qılıncoynadanlarından biri olması barədə düşünməməyə çalişir:

– Bu, rəqiblərimi lap qəzəbləndirir. Odur ki, meydançaya çıxanda ilk növbədə bütün reytinqləri, əvvəlki qələbələri unutmaq lazımdır. Gərək beynini əlavə şeylərlə doldurmayasan, yüksək məsuliyyət hissinə məhəl qoymadan və artıq təzyiqdən qurtularaq, sadəcə, öz kefin üçün qılınc oynadasan. Hər halda mən belə hərəkət etməyə çalışıram. Qılıncoynatma cığırına məğlub ola biləcəyin fikri ilə çıxırsansa, səndən yaxşı heç nə gözləmək olmaz. Bəlkə də uğurun əsasında mənəvi durum və düzgün psixoloji əhval-ruhiyyə dayanır.

Həmin kateqoriyadan