Vüsal Abdullazadə: Qismət olsa, İslam Həmrəliyi oyunlarında ölkəmizi təmsil edəcəyəm

Peşəkar Karate-do Federasiyasının vitse-prezidenti, dünya və Avropa çempionu Vüsal Abdullazadə xanım həmkarlarımızdan birinə müsahibə verib. Söhbət zamanı o, karyerasındakı uğurlardan, Vətənə xidmətindən və gələcək planlarından danışıb. Allsport.az saytı sizi həmin müsahibə ilə tanış edir.

– Artıq həqiqi hərbi xidməti bitirib, evə dönmüsən. Geridə qalan bu bir il həyatında nə kimi iz qoydu?
– Hərbi xidmətdə olmaq hər bir gənc kimi mənim də borcum idi. Bu məsələ elə müqəddəs bir borcdur ki, onu alternativ heç bir şeylə əvəz etmək olmaz. Ali məktəbi bitirdim və hər bir gənc kimi məndə Vətənə borcumu verməyə yollandım. Bu bir il nə kimi izlər qoydu sualına gəlincə, ətrafımdakı hər kəsi tanıdım. Həm də çoxdan qurtulmaq istədiyim bəzi xasiyyətlərim var idi ki, onlarla əsgərlikdə vidalaşdım (gülür). Bu bir ildə çox qürurlu günlər və anlar yaşadım.

– Bəzi idmançılar da var ki, hərbidən yayınırlar. Sənin fikrincə, Bu cür insanlar Vətəni təmsil edib, ona layiqli övlad ola bilərlər?
– Düzdür, mən belə insanlar görəndə çox təəssüf hissi keçirirəm. Yenə deyirəm, hər kəs bəhanəsiz Vətənə borcunu ödəməlidir. Heç kəsin həyatına qarışmıram. Amma bir idmançı kimi, dünya arenalarında bayrağımızı qaldırıb, himnimizi səsləndirmək də şərəfli xidmətdir. Əldə silah Vətənin müdafiəsində olmaq tamam başqa bir hisdir. Allah hər bir gəncimizə və idmançılarımıza bu hissi nəsib etsin.

– Hərbi xidmətə getməmişdən öncə, beynəlxalq arenalarda ölkəmizi təmsil edib, bayrağını yüksəltmisən. Müəyyən qədər ölkə idmanında tanınırdın. Bunun əsgərlikdə sənə köməkliyi oldumu?
– Əlbəttə. Amma mən heç zaman özümü heç kimdən fərqləndirməmişəm. Nə mülki həyatımda, nə də xidmət dövrümdə. Nədənsə istifadə etməyi sevmirəm. Xidmət xidmətdir, dostluq isə dostluq.

– Sən həqiqi hərbi xidmətdə olduğun zaman, mənfur qonşumuz ermənilər ölkəmizin sərhədlərini pozaraq hücuma keçmişdi. Şanlı ordumuz sayəsində düsmən çoxlu sayda itki verdi və torpaqlarımızın müəyyən hissəsi işğaldan azad olundu. Həmin anlarda hansı hissləri keçirirdin?
– Hər zaman mənim üçün önəmli olan bir işlərdə yadda qalan hadisələr mütləq şəkildə olur. Bu ildə əsgərlikdə olduğum dövrdə ilk dəfə 4 günlük müharibə oldu. Torpaqlarımızın müəyən hissəsi düşmən tapdağından azad oldu. Qürur verici anlar yaşamaqla bərabər, həmdə çox məyus olmuşdum. Çünki xalam oğlu – Rəssamlıq Akademiyasının məzunu, gənc heykəltaraş Samir Kacayev 2 aprel tarixində Tərtərdə şəhid oldu. O magistraturaya qəbul olub, sonra hərbi xidmətə yola düşmüşdü. Həmçinin mənimlə bir gündə, birlikdə xidmətə yola düşən bir dostumu, Mikayıl Vahabovu şəhid verdik. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirəm.

– Əsgərlik dövründə idmana vaxt ayırırdınmı?
– Bəli. Xidmət dövrümdə idmana tam istədiyim kimi vaxt ayıra bilməsəmdə, məşqlərimi edirdim. Yəni, formada qalmaq üçün. İndi yenidən əvvəlki formaya düşmək üçün bir neçə ay durmadan çalışmalıyam. İnşallah, qarşıda bir sıra uğurlara yetişmək niyyətindəyəm. Məqsəd hər zaman qələbədir! (gülür)

– Yeri gəlmişkən, indiyədək hansı uğurların olub?
– Çox uğur qazanmışam. Dünya çempionatlarında 2 qızıl, 1 gümüş və 1 bürünc, Avropa çempionatlarında 2 gümüş və 1 bürünc medala yiyələnmişəm, həmçinin ölkə çempionatlarında 7 dəfə qalib olmuşam.
2011-ci ildə dünya hərbi döyüş çoxnövçülüyü zamanı çempionluğu bayram etdim. Cənab prezident İlham Əliyevin fərmanı ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına imtahansız qəbul olundum. Üstəgəl, beynəlxalq idman ustası adına layiq görülmüşəm.

– Artiq peşəkar idmandan bir ildir uzaqsan. Qarşıda hansı işləri görməyi planlaşdırırsan?
– Bəli, professional idmandan 1 ildir ki, uzağam. Yenidən formaya düşməyim bir müddət çəkəcək. Amma özümə güvənirəm və istədiklərimə asanlıqla çatmaq şansım var. Çünki çempion sonradan olmur, çempionlar çempion olaraq doğulur (gülür). Qarşıda Sabir Süleymanın rəhbərliyi ilə bir sıra yarışlarımız və təlim-məşq toplanışlarımız var. Qismət olsa, Baku-2017 İslam Həmrəliyi oyunlarında ölkəmizi təmsil edəcəyəm.

– Sən həmdə Peşəkar Karate-do Federasiyasının vitse-prezidentisən. Bu yaşda tez bir zamanda zirvəyə yüksəlməyinin sirri nədədir?
– Burda sirr heçnə yoxdur. Federasiyamızın rəhbəri Sabir müəllim belə məsləhət gördü. Çünki vitse-prezident postu boş saxlanılırdı. Yəqin, əvvəlki vəzifəmi məsuliyyətli və vicdanla icra etmişəm deyə, o bu qərara gəlib (gülür).

– İdmançılarımız onlara yalnız öz sahələrindən sual verilməsinə öyrəşiblər. İndi bir az ənənədən uzaqlaşaq. Sevgi Vüsal Abdullazadənin həyatında hansı rolu oynayır? Bildiyimə görə, sənin çox sayda xanım fanatın var.
– Düzü, mən də sualları yalnız idmandan gözləyirdim (gülür). Sevgi hər bir insanın həyatında müsbət rol oynayır. Əgər kiminsə həyatında mənfi rol oynayırsa, bu onun etdiyi seçim və özündə olan problemlərə köklənir. Hər bir insan kimi məndə sevə bilərəm. Etiraf edirəm, xoşuma gələn bir xanım var . Xidmətdə olduğum zaman, vaxaşırı bir-birimizlə əlaqə saxlayırdıq (gülür).
Düzdür, özünüz qeyd etdiyiniz kimi, çox xanım pərəstişkarlarım olur. Bunu normal qarşılayıram və heç bir reaksiya vermirəm. Ola bilər idmançi olduğuma, bayrağımızı qaldırdığıma görə, onlarda simpatiya yaratmışam (gülür).

Xəyalə Qəşəmli

13607781_1702183913378582_490716695_n 13608236_1702183703378603_1528288933_n 13617360_1702183736711933_365609202_n 13618170_1702184113378562_833951737_n 13625146_1702184550045185_630219773_n 13644321_1702183710045269_425187048_n 13644378_1702184280045212_480055129_n

Həmin kateqoriyadan