WKF nümayəndəsi Bakıda nəyi müzakirə edib?

Dünya karate federasiyasının təşkilat komitəsinin sədri Esteban Peres və təşkilatın rəsmisi Tatyana Drozdova Bakıda böyüklər arasında 55-ci və para-karate üzrə növbəti Avropa çempionatının keçirilməsi ilə bağlı bir neçə gün paytaxtımızda olublar.

Allsport.az xəbər verir ki, qonaqlar Azərbaycan milli karate federasiyasında rəsmilər və yerli təşkilat komitəsinin üzvləri ilə görüşdə bir neçə ay sonra Bakıda olimpiya lisenziyalı yarışda 55-dək ölkədən 630-dək idmançının, 40-a yaxın para-karetçinin iştirak edəcəyini bildiriblər. Milli gimnastika arenasında 5 gün ərzində 4 tatamidə keçiriləcək mötəbər yarışı 120-dək hakimin idarə edəcəyini söyləyən rəsmilər mükafatçılara Tokio-2020 olimpiadasına son lisenziya xalları qazanadıran turnir olacağını da nəzərə çatdırıblar.

Yığıncaqda yarışın cədvəli, texniki, tibbi, mühafizə, media və nəqliyyat məsələləri müzakirə olunub, açılış mərasimində milli ornamentlərə üstünlük verilməsi razılaşdırılıb. Nümayəndələr Avopra çempionatının rəsmi qonaqları üçün ayrılmış “Boulevard Hotel”ə, milli gimnastika arenasına və idmançılar üçün nəzərdə tutulan atletlər kəndinə baxış keçiriblər.

Peres seçilən obyektlərin yüksək beynəlxalq standartlara cavab verdiyindən məmnun qaldıqlarını vurğulayaraq, qarşıdakı qitə çempionatının 1-ci Avropa oyunları və 4-cü islam həmrəyliyi oyunlarındakı kimi yüksək səviyyədə təşkil olunacağından əminliklərini qeyd edib.

Həmin kateqoriyadan