Yavər Hüseynov: Bu aksiya ölkə başçısının dövlət proqramına uyğun təşkil olunacaq

20-21 yanvarda Bakı idman sarayında 20 Yanvar şəhidlərinin xatirəsinə 9-cu açıq “Arpaçay” karate turniri keçiriləcək. Allsport.az saytı xəbər verir ki, beynəlxalq yarışla bağlı “Arpaçay” karate klubunun prezidenti Yavər Hüseynov bunu söyləyib:

“Artıq xarici ölkə təmsilçiləri, habelə Azərbaycandan, o cümlədən paytaxt Bakıdan və regionlardan olan idmançılar beynəlxalq turnirdə iştirak üçün rəsmi olaraq qeydiyyatdan keçiblər. Hazırlıq tam sürətlə gedir. Təntənəli açılış 20 yanvarda saat 16:00-da baş tutacaq. Yarışda uşaqlar, yeniyetmələr, gənclər, böyüklər və veteranlar kata və kumitedə bütün kateqoriyalar üzrə mübarizə aparacaqlar.

“Arpaçay” karate klubu və Azərbaycan qan donorluğunun inkişafı mərkəzinin birgə təşkilatçılığı, həmçinin “İnclusive Organization Team” və Mərkəzi qan bankının tərəfdaşlığı ilə “Sağlam olaq – donor olaq” şüarı ilə keçiriləcək aksiya yanvarın 20-də saat 10:00-dan 16:00-a qədər davam edəcək.

Aksiya, ölkə başçısı İlham Əliyevin təsdiq etdiyi “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” dövlət proqramına uyğun, eyni zamanda Heydər Əliyev fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində təşkil olunacaq. Hər kəsi bu humanist aksiyada iştirak etməyə dəvət edirik”.

Həmin kateqoriyadan