Yeniyetmə və gənc karateçilərimiz dünya birinciliyində

Yeniyetmə və gənc karateçilərdən ibarət seçmə komanda İspaniyada növbəti dünya birinciliyinə yollanıb. Allsport.az saytı xəbər verir ki, Tenerifedə keçirilən yarışda 12 təmsilçimiz olacaq. Bunlar Fərid Ağayev (52 kq), Rəvan Bağırov (63 kq) və Namiq Quliyev (70 kq) 14-15 yaşlı yeniyetmələr, Müseyib Məmmədov (55 kq), Hümmət Baxşəliyev (61 kq) və Fidan Teymurova (48 kq) 16-17 yaşlı gənclərdir.

18-20 yaşlıların sınağında Elcan Məmmədrzayev (60 kq), Murad Balakişiyev (68 kq), Murad Hacızadə (+84 kq), Asya Məlikova (+50 kq) və Fəridə Əliyeva (+68 kq), həmçinin Roman Heydərov (kata) mübarizə aparacaqlar.

AMKF-in prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi nümayəndə heyətində 18 yaşadaək yeniyetmə və gənclərin baş məşqçisi Anar Allahverdiyev və beynəlxalq hakim Cahangir Babayev də yer alıb. Maliyyə çətinlikləri üzündən iki ildən bir keçirilən dünya çempionatında idmançı və texniki mütəxəssislər yarı heyətlə iştirak etmək məcburiyyətində qalıblar.

Yeniyetmə və gənclərin Tenerifedə 25-28 oktyabr tarixlərində dünya çempionatına 109 ölkədən 1710 karateçi qatılıb. Bu yarış həmçinin gələn il Buenos Ayresdə yeniyetmələrin olimpiya oyunlarına lisenziya verən üç seçmə turnirdən ikincisidir.

Dünya Karate Federasiyası (WKF) texniki komitəsinin üzvü və Avropa Karate Federasiyası (EKF) idarə heyətinin üzvü Yaşar Bəşirov yarışdan əvvəl beynəlxalq təşkilatın konqresində iştirak edəcək.

Həmin kateqoriyadan