“Əminəm ki, Rioda da idmançılarımız vətənpərvərlik, peşəkarlıq, əzmkarlıq göstərəcəklər”

“Bildiyiniz kimi, avqustun 5-də Rio-de-Janeyroda 31-ci Yay Olimpiya və Paralimpiya Oyunları keçiriləcəkdir. Bu gün bu rəsmi mərasimdə biz idmançıları Oyunlara yola salırıq, onlara uğurlar arzulayırıq. Əminəm ki, həm olimpiyaçılar, həm paralimpiyaçılar ölkəmizi ləyaqətlə təmsil edəcəklər və Vətənə böyük qələbə ilə qayıdacaqlar”.

Allsport.az saytı xəbər verir ki, bu fikri Azərbaycan prezidenti İlham Əliyev deyib. Dövlət başçısı bildirib ki, bu Oyunlarda Azərbaycan Olimpiya komandası böyük heyətlə – 56 idmançı ilə iştirak edəcək: “Lisenziyaların sayı isə 57-dir. Bu, keçən Yay Olimpiya Oyunlarından çoxdur. Biz London Yay Olimpiya Oyunlarında 53 idmançı ilə iştirak etmişik və bildiyiniz kimi, böyük qələbə – 10 medal qazanmışıq, onlardan 2-si qızıl medaldır. Bu dəfə isə daha da böyük heyətlə iştirak edəcəyik və əlbəttə ki, yaxşı nəticələr gözləyirik. Bunu deməyə əsas var. Çünki idmançılarımız son dörd il ərzində müxtəlif beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında bizi sevindiriblər, ölkəmizin şöhrətini ucaldıblar və müxtəlif yarışlardan Vətənə böyük qələbələrlə qayıdıblar. Əminəm ki, Rio-de-Janeyroda da idmançılarımız vətənpərvərlik, peşəkarlıq, əzmkarlıq göstərərək ölkəmizi ləyaqətlə təmsil edəcəklər.

Azərbaycan idman dövlətidir. Bunu bütün dünya, idman ictimaiyyəti qəbul edir, bilir. Azərbaycanda idmanla, Olimpiya hərəkatı ilə bağlı məqsədyönlü siyasət aparılır. Məhz bu siyasət nəticəsində biz bu gün bu uğurlar haqqında danışa bilərik. Düşünülmüş siyasət, məqsədyönlü işlər idmanı Azərbaycanda, cəmiyyətdə önəmli bir ictimai amilə çevirmişdir. Bu gün idmançılara cəmiyyətdə çox böyük hörmət var. İdmançılar cəmiyyətdə layiqli yer tutublar. İdmanla məşğul olmaq istəyənlərin sayı getdikcə artır. Bunun əsas səbəbi idmançılarımızın uğurlarıdır və idmançılara göstərilən dövlət qayğısıdır. İdmançıların bütün problemləri öz həllini tapır. Artıq 20 ilə yaxındır ki, hər il ənənəvi olaraq idmançılara, idman mütəxəssislərinə, veteranlara dövlət tərəfindən mənzillər verilir. Hər il 20-30 mənzil verilir”.

Həmin kateqoriyadan