Əmrəlini əsas günahkar adlandırdılar

“Legiya”nın hücumçusu Mahir Əmrəlinin Polşa ekstraklasasının XIII turunda “Poqon”la matçdakı statistik göstəriciləri açıqlanıb.

Allsport.az xəbər verir ki, Varşava təmsilçisinin doğma arenada 0:2 hesabı ilə məğlub olduğu qarşılaşmada 61 dəqiqə mübarizə aparan Azərbaycan millisinin üzvünün çıxışı zəif hesab edilib.

24 yaşlı forvardın bir çox komponentlərdə uğursuz çıxışı diqqət çəkib. Həmkarlarımızın yazdığına görə, Əmrəli görüş ərzində 3 zərbə imkanı qazanıb ki, onların yalnız birində çərçivəyə düşə bilib: “1-cidə topla irəliləmək əvəzinə zərbəni seçdi, top müdafiəçidən döndü. 20-ci dəqiqədə isə Lukinyasın ötürməsindən sonra sanki zərbə yox, qapıçıya ötürmə verdi”.

Hava toplarındakı göstəricilər isə daha bərbaddır. Həmyerlimiz “2-ci mərtəbə”də 7 dəfə mübarizəyə qalxsa da, cəmi 1-də qalib gəlməyi bacarıb. Bununla bağlı ən çox tənqid olunan hərəkəti isə əksər hallarda topa tullanmaq əvəzinə rəqibə mane olmaq cəhdləridir.

Polşa mətbuatı “Poqon”un 1-ci qolunun əsas günahkarı kimi də məhz Mahiri göstərib: “Əmrəli 6 dəfə top uğrunda mübarizəyə girişdi, onların yalnız 2-də uğurlu oldu. “Poqon”un ilk yarıdakı qoluna diqqət yetirək. Hər şey Əmrəlinin rəqib müdafiəçisinə pressinq göstərməməsi ilə başladı. Nəticədə “Poqon”un müdafiəçisi heç bir problem olmadan irəlilədi və rahat ötürməsini verdi”.

Yerli KİV millimizin üzvünün Tomaş Pekartın formadan uzaq düşməsindən lazımınca yararlana bilmədiyi qənaətindədir: “Yenə qol vəziyyətlərindən yararlanmadı, top uğrunda mübarizə apara bilmədi. Əmrəli tez-tez təslim olurdu, praktiki olaraq meydanda deyildi. Oyanmaq və qol yollarında təsirli olmaq vaxtıdır. “Legiya”nın təcili güclü hücumçuya ehtiyacı var”.

Bu mövsüm 24 oyunda 10 qol vuran Mahir son 6 görüşdə fərqlənə bilməyib.

Həmin kateqoriyadan