Beynəlxalq Prezident Kubokunda kimlər fərqləndi?

Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində akademik, kayak və kanoe qayıqlarında avarçəkmə üzrə Beynəlxalq Prezident Kuboku reqatası keçirilib. Allsport.az saytı xəbər verir ki, ardıcıl 8-ci ildir təşkil olunan reqatada Bakı və Mingəçevir avarçəkənlərindən əlavə, Gürcüstanın hər 3 növ üzrə, Türkyənin isə 1997 – 1999-cu il təvəllüdlü kayakçılardan ibarət komandası mübarizə aparıb. Qonaq komandalar əvvəlki illərlə müqayisədə daha inamlı təsir bağışlayıblar.

Gürcüstanın həm həm 2000 – 2002, həm 1997 – 1999, həm də 23 yaşadək və yuxarı yaş qrupları üzrə avarçəkənləri üst-üstə 5 qızıl, 7 gümüş, 4 bürünc medala sahib olub. Türkiyə kayakçıları reqatanı 6 qızıl, 3 gümüş medalla başa vurublar. Azərbaycan təmsilçilərinə gəldikdə, mingəçevirli avarçəkənlər 11 qızıl, 14 gümüş, 17 bürünc, bakılı avarçəkənlər isə 4 qızıl, 3 gümüş, 3 bürünc medala yiyələniblər. Paytaxt təmsilçilərindən Vlad Nakoneçnı 4 nəfərlik qayıqla həm 1997 – 1999, həm də 2000 – 2002-ci il təvəllüdlülərin yarışında mingəçevirli akademik avarçəkənlərlə birgə aktivinə 2 qızıl medal da yazdırıb.

Qeyd edək ki, Beynəlxalq Prezident Kuboku reqatasında böyüklərdən ibarət kayakçı və kanoeçilərin yürüşləri I Avropa Oyunları öncəsi test xarakteri daşıyıb. Reqatanı “Bakı 2015” I Avropa Oyunlarının Əməliyyat Komitəsinin nümayəndələri də izləyib. Onlar mükafatlandırma mərasimində də iştirak ediblər. Fərqlənənlərə diplom və medallar təqdim olunub.

Həmin kateqoriyadan