Faciəvi döyüşün qurbanı olan boksçu vəfat etdi

Faciəvi döyüşün qurbanı olan boksçu vəfat etdi

Keçmiş puerto-rikolu boksçu Priçard Kolon 33 yaşında dünyasını dəyişib.

Allsport.az xəbər verir ki, Kolon peşəkar rinqdə debütünü 23 fevral 2013-cü ildə Katanoda Xavyer La Salyeyə qarşı keçirib və ilk raunddaca rəqibini nokaut edib.

Gərgin döyüş qrafiki ilə seçilən idmançı 2013-cü ildə 5, 2014-cü ildə isə 7 görüşə çıxıb. Onun peşəkar karyerasının en yaddaqalan qarşılaşmalarından biri 9 sentyabr 2015-ci ildə Torontoda təcrübəli boksçu Vivian Harrislə mübarizəsi olub. Həmin görüşdə Kolon rəqibini 4-cü raundda nokautla üstələyib.

Harrislə döyüşdən cəmi bir ay sonra, 17 oktyabrda Virciniyada Terrel Vilyamsla qarşılaşıb. Sonradan proqrama əlavə edilən bu qarşılaşma onun karyerasında sonuncu olub. 9 raund davam edən döyüş ərzində Vilyams dəfələrlə rəqibinin başının arxa hissəsinə boksda qadağan olunmuş zərbələr endirib. Kolon referi Cozef Kuperə bu qayda pozuntuları barədə məlumat versə də, hakim onun şikayətlərinə məhəl qoymayıb.

​Dəfələrlə oxşar zərbələr alan idmançı 9-cu raundda karyerasında ilk dəfə nokdauna düşüb. Raundlararası fasilədə rinq həkimi Riçard Eşbiyə başının hərləndiyini bildirsə də, həkim onun döyüşü davam etdirməsinə icazə verib. Qarşılaşmanın bitdiyini zənn edən məşqçilər korpusu səhvən Kolonun əlcəklərini çıxardığı üçün boksçu diskvalifikasiya olunub.

​Döyüşdən dərhal sonra paltardəyişmə otağında vəziyyəti pisləşən, ürəkbulanma yaşayan və huşunu itirən idmançı xəstəxanaya çatdırılıb. Qanaxma və beyin şişməsi diaqnozu ilə təcili əməliyyat olunan puerto-rikolu boksçu 221 gün komada qalıb. Bir neçə mərkəzdə müalicə aldıqdan sonra Florida ştatının Orlando şəhərindəki evinə köçürülüb.

​2018-ci ildən anasının dəstəyi ilə fizioterapiya keçən və kompüter vasitəsilə ünsiyyət qurmağı öyrənən Kolon heç vaxt nitq qabiliyyətini bərpa edə bilməyib. Ömrünün sonunadək davamlı tibbi qulluğa möhtac qalan keçmiş boksçu 13 avqust 2026-cı ildə evində vəfat edib.

​Hadisədən sonra döyüşün rəqibi Terrel Vilyams ictimaiyyətin kəskin qınağı ilə üzləşib və sosial media hesablarını bağlamaq məcburiyyətində qalıb. Kolonun valideynləri isə 2017-ci ildə R. Eşbi və döyüşün təşkilatçılarına qarşı 50 milyon dollardan çox təzminat tələbi ilə məhkəmə iddiası qaldırsalar da, məsələyə illərlə baxılmayıb. Boksçunun anası bu məsələnin heç vaxt həll olunmayacağını düşündüyünü bildirib.

Kolon peşəkar karyerası ərzində keçirdiyi 17 döyüşün 16-da qalib gəlib (13 nokaut).

Həmin kateqoriyadan