AFFA-dan Qarabağ dirçəliş fonduna ianə

Sentyabrın 7-də Bakı olimpiya stadionunda keçiriləcək Azərbaycan-Portuqaliya oyununun bilet satışından əldə olunan gəlirin 10%-i Qarabağ dirçəliş fonduna ianə ediləcək. Allsport.az saytı xəbər verir ki, AFFA və qarşı tərəf arasında əldə olunmuş razılığa əsasən, Azərbaycan – Portuqaliya oyunundan başlayaraq, 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandasının bütün ev oyunlarında bilet satışından əldə olunan gəlirin 10%-i fonda ianə olunacaq. Məbləğ işğaldan azad olunan ərazilərdə futbol infrastrukturunun bərpası və inkişafı kimi məqsədlərə sərf olunacaq.

Azərbaycan – Portuqaliya oyununa biletləri “iTicket.Az” veb saytı, mobil tətbiqi və ya “Gənclik Mall” və “28 Mall”da yerləşən “iTicket” bilet satış məntəqələrindən əldə etmək mümkündür.

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar qarşılaşmaya stadionun azarkeş tutumunun 50%-i qədər azarkeş buraxılacaq. Yaxın günlərdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə Qarabağ Dirçəliş Fondu arasında qarşılıqlı əməkdaşlığı inkişaf etdirmək məqsədilə əməkdaşlığa dair “Anlaşma memorandumu” imzalanacaq.

Həmin kateqoriyadan