Avropa gənclər yay olimpiya festivalına hazırlıq müzakirə edilib

Bu gün gənclər və idman nazirliyində gələn ilin iyulunda paytaxtda keçiriləcək 15-ci Avropa gənclər yay olimpiya festivalına hazırlıqla bağlı əlaqələndirmə komissiyasının toplantısı keçirilib. Allsport.az saytı xəbər verir ki, yığıncaqda gənclər və idman naziri Azad Rəhimov, milli olimpiya komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, təşkilat komitəsinin üzvləri, eyni zamanda, yarışa hazırlıq işləri ilə daha yaxından tanış olmaq üçün Bakıda səfərdə olan Avropa olimpiya komitəsi əlaqələndirmə komissiyasının rəhbəri Corce Vişatski, İslandiya, Bosniya və Hersoqovina milli olimpiya komitələrinin baş katibləri iştirak ediblər.

Toplantı zamanı 2019 gənclər yay olimpiya festivalına hazırlıqla bağlı təşkilat komitəsinin gördüyü işlər, idman yarışlarının cədvəli, atletlər kəndindəki durum, MOK-lar arası əlaqələrin qurulması, könüllülərin yarış proqramı və digər, mühüm əhəmiyyət kəsb edən məsələlər müzakirə edilib. Bakıda olduqları müddətdə Avropa olimpiya komitəsinin rəsmiləri milli gimnastika arenası, Bakı su idmanı sarayı, Bakı idman sarayı, İdmançılar kəndi və bir sıra idman qurğularında da olacaqlar.

Tədbir 20-28 iyulda baş tutacaq. Yarışın açılış mərasimi 21 iyul tarixdə gerçəkləşəcək. Ümumilikdə 50 Avropa ölkəsindən 3600-dən çox idmançı və texniki nümayəndə heyəti yarışa qatılmaq üçün ölkəmizə təşrif buyuracaqlar. 10 idman növü üzrə (bədii gimnastika, atletika, basketbol, velosiped, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol, güləş) yarışlara 2500-dən çox könüllü cəlb olunacaq.

 

Həmin kateqoriyadan