Azərbaycan və Türkiyənin idman sahəsində əməkdaşlığın inkişafına dair fikir mübadiləsi

Ölkəmizdə səfərdə olan Türkiyənin gənclər və idman naziri Məhməd Məhərrəm Qəssaboğlunun başçılıq etdiyi nümayəndə heyəti bu gün milli olimpiya komitəsində görüş keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov və MOK-un baş katibinin müavini Azər Əliyev iştirak ediblər.

MOK ilə qardaş ölkənin idman qurumları arasında sıx əlaqələrin olduğunu vurğulayan Çingiz müəllim bu əməkdaşlığın gələcəkdə də uğurla davam edəcəyinə əminliyini bildirib. Komitənin fəaliyyəti və uğurları barədə qonaqlara ətraflı məlumat verən vitse-prezident deyib ki, Olimpiya Oyunlarında nəticələrini daha da yaxşılaşdıran Azərbaycan milli komandası sonuncu – Rio Olimpiadasında 18 medal, o cümlədən 1 qızıl, 7 gümüş və 10 bürünc qazanıb. Bu, Azərbaycanın idman ölkəsi olduğunu bir daha sübut edir.

Nazir Məhməd Məhərrəm Qəssaboğlu Azərbaycan ilə Türkiyə arasında bütün istiqamətlərdə əməkdaşlığın sürətli inkişafının idman sahəsində də müşahidə edildiyini vurğulayıb. Qonaq ölkələrimiz arasında idman və gənclər sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb. Türkiyəli nazir Bakının ötən il 4-cü İslam həmrəyliyi oyunlarına yüksək səviyyədə ev sahibliyi etdiyini diqqətə çatdıraraq, növbəti – yarışın İstanbulda təşkil olunacağını bildirib. Qeyd edilib ki, bu, türk dünyasında idmanın inkişafda olduğunu və ona marağın artdığını bir daha göstərir.

Söhbət zamanı müvafiq qurumlar arasında əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb, gələcək planlar müzakirə olunub.

Həmin kateqoriyadan