“Azərbaycan yığmasında mübarizə aparan dostlarımı tezliklə görmək istəyirəm”

21 yaşlı ukraynalı gimnast Oleq Vernyayev bu mövsümü səmərəli keçirib. Allsport.az xəbər verir ki, kiyevli gimnast dünya və Avropa çempionu adlarına çoxnövçülük üzrə Dünya Kubokunun hər üç mərhələsində qazandığı qələbələri əlavə edib. O, ötən ilin noyabrında Almaniyanın Ştutqart şəhərində, dekabrda Şotlandiyanın Qlazqo şəhərində böyük uğur qazanıb. Mart ayında ABŞ-ın Arlinqton şəhərində ümumi hesabda qalib gələrək Dünya Kubokunun sahibi olub.

İdmançının yarış cədvəli çox gərgindir. Çox məsuliyyətli bir yarış – Fransada keçiriləcək idman gimnastikası üzrə Avropa çempionatı uzaqda deyil. Onun ardınca isə Bakıda Birinci Avropa Oyunları gəlir.

Oleq Vernyayev “Azərtac”a müsahibəsində vurğulayıb ki, onun qələbələri daha çox məşqçisi Gennadi Sartinskinin xidmətidir. İdmançı və məşqçi artıq altı ildir bir yerdə çalışır. Oleq Kiyevə Donetskdən gəlib. İş elə gətirib ki, birinci məşqçisi Olqa Yermakova Avstraliyaya köçüb. O, isə məşqçisiz qalıb. İdman aləmində hamı bir-birini tanıyır. G.Sartinski Oleqi öz qrupuna götürməyə razılıq verib. O vaxta qədər Oleq orta məktəbi bitirib və ailə Donetskdən Kiyevə köçüb.

G.Sartinski deyib: “Mən həmişə şagird seçiminə ciddi yanaşıram. İlk növbədə idmançının məşqlərə münasibətinə, onun xarakterinin əsas cəhətlərinə, davranışına baxıram. Oleq yaxşı oğlandır, işləməyi bacarır”.

Oleq deyir ki, qalib gəlməsinə ilk növbədə gimnastikaya marağı, məşq etmək və qalib gəlmək əzmi kömək edir.

Oleq deyir: “İdmanla yeddi yaşından məşğulam. Çoxunun valideyni onu idman zalına dörd yaşında da gətirir. Mənim anam da uşaqlıqda idman gimnastikası ilə məşğul olub. Enerjim həddindən artıq çox olub. Valideynlərim də onu “dinc məcraya” yönəltmək qərarına gəliblər. Yəni gimnastika ilə artıq 14 ildir məşğulam.

Təəssüf ki, ötən il idmançı baldır və pəncə nahiyəsindən əməliyyat olunub. Vaxtı gələndə, onu daha bir cərrahi müdaxilə gözləyir.

Gimnast deyir: “Ayağıma maye toplanırdı. Baldır və pəncəni birləşdirən bağ zədələnmişdi. Həkimlər dedilər ki, ayağımı tam sağaltmaq üçün dörd ay vaxt lazımdır. Bunun üçün idmandan bir il uzaqlaşmalıydım. Almaniyada əməliyyat olundum. Yeri gəlmişkən, həkimlərin sözlərinə görə, operativ müdaxilə minimum olub. Mayeni çəkib çıxarıblar, qanın yaxşı hərəkət etməsi üçün sümükdə üç deşik açıblar. Əlqərəz, ayağımı “təmizləyiblər”. Bağa hələ toxunmayıblar. Bərpa olunmağım beş həftə çəkib. Sonra Olimpiya bazamıza qayıdıb məşq etməyə başlamışam. Doğrudur, ayağımı ağırlığa salmağa üç həftə sonra başlamışam.

Əməliyyatdan sonra məcburi istirahət olub. Gimnastika barədə fikirləri beynimdən çıxarmağa çalışmışam. Məşqçimə və valideynlərimə idmandan danışmağı qadağan etmişəm. Doğrudur, iki həftədən sonra gimnastika üçün darıxmağa başladım. Özümə yer tapa bilmirdim. Amerika turnirinə hazırlaşmaq üçün bir ay vaxtım vardı. Başa düşürdüm ki, çox çətin olacaq. Yeri gəlmişkən, Amerika turnirində həmişə ancaq amerikalılar qalib gəlib. Mən bu ənənəni pozdum.

Yayın əvvəlində Birinci Avropa Oyunlarında iştirak etməyi planlaşdırıram. Əvvəllər heç vaxt Azərbaycanda olmamışam. Dostlarımı görmək istəyirəm. Ukrayna yığmasının yarısı Azərbaycan uğrunda mübarizə aparır. Mənə danışıblar ki, Bakıda gimnastika zalı futbol meydanı boydadır, hər alətdən iki-üç dəst, müasir xəndəklər var. Tibbi müayinə də yüksək səviyyədədir. Əlqərəz, idmançıları üçün gözəl şərait yaradılıb”.

Həmin kateqoriyadan