Azad Rəhimov: Azərbaycan Tokio-2020-yə dəstək göstərməyə hazırdır

Yaponiya təşkilati işlərdə böyük təcrübəsi olan ölkələrdən Tokio-2020 yay olimpiya oyunlarının keçirilməsində dəstək istəyib. Allsport.az saytı xəbər verir ki, nazirlər kabinetinin baş katibi Katsunobu Kato tərəfindən edilən müraciətdə, yarışlarının keçirilməsi istiqamətində böyük təcrübəsi olan ölkələrin kadr potensialının göndərilməsi öz əksini tapıb.

Buna cavab olaraq gənclər və idman naziri Azad Rəhimov ölkəmizin 2015-ci ildə ilk Avropa oyunları, 2016-cı ildə Dünya şahmat olimpiadası, 2017-ci ildə 4-cü İslam həmrəyliyi oyunları, 2016-2019-cü illərdə Formula1 və 2019-cu ildə 15-ci Avropa gənclər olimpiadası kimi beynəlxalq böyük tədbirlərə uğurla ev sahibliyi etdiyini bildirib.

Bu niyyətlə, Azərbaycanın təcrübəli kadr potensialı ilə dəstək göstərməsinin mümkünlüyünü qeyd edib. Öz növbəsində, nazir Azad Rəhimov bildirib ki, Azərbaycan idman yarışlarının keçirilməsi baxımından istər texniki, istərsə də təşkilati məsələlərdə kifayət qədər böyük təcrübəyə malik ölkədir. Azərbaycanın bütün qeyd olunan mötəbər tədbirlərdə çalışan əməkdaşlarından ibarət məlumat bazası var və münasib olaraq bizim mütəxəssislər aidiyyatı sahələr üzrə Yaponiya tərəfə təqdim olunacaq.

Qeyd edək ki, hal-hazırda idman yarışlarında texnologiya, nəqliyyat, idman məkanlarının idarə olunması, könüllülərlə iş və s sahələrdə çalışan yerli kadrlarımız var və onlar vaxtaşırı müxtəlif beynəlxalq yarışlara dəvət alır, öz bilik və təcrübələrini müvəffəqiyyətlə həyata keçirirlər.

Həmin kateqoriyadan