Azad Rəhimov: Komandamız daha geniş beynəlmiləl tərkibə malikdir

“London Olimpiya Oyunlarında Azərbaycan 53 lisenziya qazanaraq 16 idman növündə təmsil olunurdusa, Rio Yay Olimpiya Oyunlarında Olimpiya yığma komandamız daha geniş tərkibdə – 18 idman növündə 57 lisenziya ilə təmsil olunacaq”.

Allsport.az saytı xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov Azərbaycan nümayəndə heyətinin Rio-2016-ya rəsmi yolasalma mərasimindəki deyib. O, bildirib ki, olimpiya oyunları ilə müqayisədə 4 idman növünün artıq olması sevindiricidir

“Azərbaycan triatlon, kamandan oxatma, velosiped və kanoe-slalom idman növlərində ilk dəfə təmsil olunacaq. Rio Olimpiadasında ölkəmizi təmsil edəcək 56 idmançıdan 36-sı ilk dəfə olimpiya oyunlarının iştirakçısı olacaq. Komandamız daha geniş beynəlmiləl tərkibə malikdir və əsasən titullu idmançılardan ibarətdir. Onların əksəriyyəti nüfuzlu beynəlxalq idman yarışlarında lisenziya qazanmaqla yanaşı, eyni zamanda, həmin yarışların qalibi olaraq dünya və Avropa çempionları adına layiq görülüb”.

Nazirin sözünə görə, Rio-de-Janeyroda Azərbaycanı güləş, gimnastika və boks olmaqla 3 hakim təmsil edəcək: “Bundan başqa, idmançılarımızı 34 məşqçi, 6 həkim, fizioterapevtlər, texniki işçilər və digərləri müşayiət edəcəklər. Artıq 31-ci Yay Olimpiya Oyunlarında Azərbaycan yığma komandasının iştirakı ilə bağlı bütün hazırlıq işləri başa çatır. Gənclər və İdman Nazirliyinə hazırlığın yüksək səviyyədə aparılması, təlim-məşq toplantıları, tibbi-bioloji xidmətin göstərilməsi, idmançıların lisenziya xarakterli beynəlxalq yarışlarda iştirakının təmin edilməsi və s. üçün dövlət büdcəsindən 8 milyon manatdan artıq vəsait ayrılıb. Müqayisə üçün deyim ki, 2012-ci il London Olimpiadasına büdcədən bu məqsədlər üçün 6 milyon manata yaxın vəsait xərclənib”.

Həmin kateqoriyadan