Azad Rəhimovun proqnozu: Rioda 60-dan çox olimpiyaçımız iştirakı gözlənilir

“Rio Yay Olimpiya Oyunlarında Azərbaycanın 60-dan çox idmançısının iştirakı gözlənilir”. Allsport.az saytı xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov iyunun 23-də jurnalistlərə müsahibəsində deyib. O, Rio-2016-da yeni idman növlərində Azərbaycanın təmsil olunmasının əhəmiyyətini qeyd edərək deyib:

“Hər olimpiadada olduğu kimi, bu dəfə də yeni növlərdə lisenziyalar qazanılıb. Buna triatlon, trek velosipedi, kanoe-slalom kimi növləri qeyd etmək olar. Sevindirici məqam odur ki, ölkəmizdə yeni idman növləri inkişaf edir. Kayak və kanoedə mübarizə sprinter məsafəsində olur. Burada idmançıdan çox şey asılıdır, lakin bəxt amili də rol oynayır. Medala ümid bəsləyirik. Triatlonçu Rostislav Pevtsov güclü idmançıdır. O, Bakı-2015-də hazırlıq mərhələsində olsa da, bürünc medal qazana bildi”.

Nazir deyib ki, Yay Olimpiya Oyunlarında Azərbaycan komandasının bayraqdarı boksçu Teymur Məmmədov ola bilər. Onun bayraqdar olması Bakıda keçirilən dünya təsnifat turnirinin dörddəbir mərhələsində mübarizə aparan T.Məmmədovun uğurundan asılıdır. Əgər Teymur olimpiadaya lisenziya qazanacağı halda onun bayraqdar olması rəsmiləşəcək. Biz T.Məmmədovun namizədliyini təklif etmişik. Yekun qərarı isə Milli Olimpiya Komitəsi verəcək”.

Naziri Formula-1 Avropa Qran-prisi ilə bağlı sualları cavablandırarkən deyib ki, digər böyük tədbirlərlə müqayisədə Formula-1-in auditoriyası, onun əhatə etdiyi ölkələrin və yayım şirkətlərinin sayı daha genişdir. Bu yarış 187 ölkədə yayımlanıb və onu 500 milyondan artıq tamaşaçı izləyib. Diqqət çəkən məqam odur ki, Bakı Qran-prisində yeni rekordlar qeydə alındı. Təbii ki, bu, idmana aiddir. Bizim üçün isə ən vacibi odur bu idman növü vasitəsilə Bakı və Azərbaycan dünyaya daha geniş tanıdıldı.

Həmin kateqoriyadan